Bakıda minatəmizləmə ilə bağlı beynəlxalq seminar keçirilir

Bu gün Bakıda Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) toplantısı çərçivəsində Azərbaycanda minatəmizləmə sahəsində qanunvericilik, standartlar və idarəetmə üzrə Sahə Seminarı öz işinə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, aprelin 4-8-i tarixlərində keçiriləcək seminar EECCA-OP çərçivəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi ilə birgə təşkil edilib.

Bu seminarda Belarus, Estoniya, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikstan, Ukrayna və İrandan olan mina aksiyası, sursatların təmizlənməsi proqramları, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətləri nümayəndələri iştirak edir.

Seminarın açılışında ANAMA-nın direktoru Qəzənfər Əhmədov tədbirə qoşulan tərəfdaş qurumlara təşəkkürünü bildirib.

O deyib ki, tədbirdə minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələr aparılacaq.

Seminarın məqsədi isə iştirakçılara region ölkələrində bu sahədə qəbul olunan qanunvericilik və noremalarla tanış olmaq, ANAMA ilə mina aksiyasının əməliyyatı, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə və zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmaqdır. Q.Əhmədov qeyd edib ki, son illər bu sahədə görülən işlər və intensiv əməkdaşlıq gələcək uğurlu perspektivə təkan verir. Bu baxımdan tədbir gələcək uğurlu fəaliyyətə təkan verir.

Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin nümayəndəsi Faiz Paktianın sözlərinə görə, bu gün Bakıda belə bir tədbirə toplaşmaq bütün tərəfdaşlar üçün əlverişli imkan yaradıb. Tədbir çərçivəsində daha geniş əlaqələr qura bilərik. Məqsəd mina təhlükəsində xilas olmaqdır. O, donor təşkilatlarına və Azərbaycan hökumətinə tədbirə dəstək verdiyi üçün minnətdarlığını da  bildirib.

ANAMA əməliyyatlar üzrə meneceri Samir Poladov minatəmizləmə işlərinin uğurla həyata keçirilməsində görülən işlərdən danışıb.

Onun sözlərinə görə, tədbir çərçivəsində minatəmizləmə işləri ilə əyani tanışlıq da həyata keçiriləcək. Q.Poladov proqramın maraqlı və səmərəli olmasına çalışacaqlarını da qeyd edib.

Tacikstan, Rusiya, İran və digər minatəmizləmə qurumlarının nümayəndələri də çıxış edərək, mina təhlükəsinin aradan qaldırılmasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqların əhəmiyyətindən danışıblar. Onlar bu sahədə təcrübə mübadiləsini vacibliyini də vurğulayıblar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş