Bakıda “NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfrans keçirilib

Rumıniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda “NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfrans keçirilib.

“AzeriDefence”nin məlumatına görə,  konfransı giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, Azərbaycan coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malikdir və bu mənada avroatlantik təhlükəsizliyin möhkəmlənməsində xüsusi rol oynayır.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə olduqlarını və Azərbaycanın Avropa və avroatlantik institutlarla əlaqələrinin möhkəmləndirilməsində maraqlı olmalarını söyləyib.

Onun sözlərinə görə, NATO və Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir və strateji dəyərə malikdir.

Diplomat qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır: “Şimali Atlantika alyansı və Azərbaycan arasında sıx əməkdaşlıq geniş Qara dəniz-Xəzər dənizi regionunda stabillik və təhlükəsizlik üçün çox faydalıdır”.

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Elmar Hüseynov NATO-Azərbaycan əməkdaşlığının perspektivləri baxımından bu tipli tədbirlərin vacib rol oynadığını söyləyib: “Bu gün əminlikdə deyə bilərik Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biridir. Varşava sammitindən isə əsas gözləntimiz yenə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə birmənalı dəstəyin davam etdirilməsidir”.

NATO Baş ofisinin siyasi məsələlər və təhlükəsizlik şöbəsinin əməkdaşı Steffen Elgersman isə bildirib ki, Azərbaycanla praktik əməkdaşlığının səviyyəsindən razıdırlar.

S. Elgerman deyib ki, bu həftəsonu fərdi tərəfdaşlıq planının müzakirələri ilə bağlı NATO-dan geniş komandanın gələcəyi gözlənilir.

O qeyd edib ki, NATO Azərbaycanla müdafiə təhsili ilə bağlı islahatların aparılması sahəsində və ANAMA agentliyi ilə sıx əməkdaşlıq edir:  “Azərbaycanın NATO-nun müxtəlif strukturlarında çalışan kifayət qədər zabiti var. Cənubi Qafqazla əməkdaşlıq hazırda NATO üçün mühüm əhəmiyyət kəsb edir”.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Sıddık Rusiyanı tənqid edib: “Müasir dünyada qaçqın böhranı, Tunis, Türkiyə, Fransa kimi ölkələrdə baş verən terror hücumları, Ukraynada davam etməkdə olan gərginlik onu göstərir ki, təhlükəsizliklə bağlı çağırışlar artmaqdadır. Qərbə qarşı bəzi məsələlərdə müxalifətdə duran Rusiya son dövrlər daha avtoritar və milliyyətçi olub. Hazırda qeyri-dövlət aktorları qismində əsas təhdid İŞİD tərəfindən Yaxın Şərq və Şimali Afrikada törədilir və bunun miqyası artmaqdadır. 2014-cü ildə Uelsdə keçirilən NATO sammiti “soyuq müharibə” sonrası əsas sammitlərdən biri olub. 2015-ci ildə Uels öhdəliklərinin həyata keçirilməsində mühüm addımlar atdıq. Qarşıdan gələn Varşava sammitində ittifaqın birliyini bir daha təsdiqləməliyik. NATO Avropa İttifaqı ilə yanaşı, digər təşkilatlarla, tərəfdaş ölkələrlə işləməli və mövcud böhranların qarşısının alınmasına yardım etməlidir”.

Tədbirdə NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Villiam Lahue, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka və digər şəxslər mövzu ilə bağlı çıxış ediblər. Konfrans müzakirələrlə davam etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş