Bakıda NATO-nun Psixoloji Əməliyyatları mövzusunda təlim kursu başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun Psixoloji Əməliyyatları” mövzusunda təlim kursu başlayıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kursda Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını zənginləşdirəcəklər.

Kurs ərzində NATO-nun informasiya əməliyyatları ilə bağlı siyasəti, böhranlara cavab əməliyyatlarının mahiyyəti, qanunvericilik baxımından həmin əməliyyatların keçirilməsi prinsipləri, psixoloji əməliyyatlar və media məlumatlarının təhlili, o cümlədən, digər məsələlər barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılacaq.

Təlim kursu sentyabrın 18-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş