Bakıda təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir

Bakıda təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir

Böyük Britaniyanın Müdafiə Akademiyası və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs keçirilir.

“AzeriDefence”nin məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın iştirakı ilə keçirilən kursun açılışını hərbi attaşenin müavini Villiam George edib. Bildirilib ki, kursun əsas məqsədi müdafiə sektorunun inkişafını təşviq etmək üçün müvafiq idarəetmə və nəzarət siyasətinin, prosedur və mexanizmlərinin müəyyənləşdirilməsinə yönəlib.

Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Prezident Administrasiyasının və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak edirlər.

Çıxış edən professor Laura Cleary bidirib ki, Birləşmiş Krallıq Müdafiə Akademiyasının vəzifəsi təhsil və təlim vasitəsilə təhlükəsizlik sektorunda fəaliyyət göstərən əməkdaşlarda strateji təfəkkürü inkişaf etdirmək, gələcəkdə bu sahədə üzləşəcəkləri ehtimal olunan çətinliklərin həlli yollarını tapmaqda aparıcı rol oynamaq və Böyük Britaniya və onun müttəfiqlərinin təhlükəsizlik və müdafiə maraqlarını təşviq və inkişaf etməkdir.

Qeyd olunub ki, kursun məqsədi təhlükəsizlik məsələlərinin həlli yolunda onları analiz etmə vərdişlərini, iştirakçılarda idarə və nəzarət etmə bacarıqlarını inkişaf etdirmək və bu fonda zəruri olan peşəkar biliklərini artıra biləcəkləri bir mühit yaratmaqdır. Bu kontekstdə “idarəetmə” termini, müdafiə mənbələrinin konstitusiyaya və milli qanunvericiliyə uyğun olaraq dövlətin siyasi hakimiyyəti tərəfindən nəzarətini ehtiva edir. “İdarəetmə”, milli təhlükəsizliyin təmin olunması məqsədiylə insan, maddi və maliyyə resurlarının səmərəli və effektli istifadəsi və onların nəzarəti məsələlərinə toxunur.

Kurs, eyni zamanda inkişaf etmiş və demokratiyaya keçid dövründə olan dövlətlərdə mövcud olan müdafiənin idarə etmə və nəzarət mexanizmlərini araşdırır.

Beləliklə, kursun sonunda iştirakçılar dövlətin hərbiləşdirilmiş resurslarını idarə və nəzarət etmə və bu anlayışla əlaqəli bütün məsələlər barədə daha geniş məlumat əldə etmiş olacaqlar.

“Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” kursu həftənin sonuna qədər davam edəcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş