Baş Prokurorluqda kollegiya iclası keçirilib

Baş Prokurorluqda kollegiya iclası keçirilib

Noyabrın 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə mövcüd şəraitdə prokurorluq orqanlarının, o cümlədən işğaldan azad edilmiş rayonların prokurorluqlarının fəaliyyətinin gücləndirilməsi, prokurorluq orqanlarında başlanmış və istintaq aparılan cinayət işlərinə və işin təşkilinə dair digər məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Azeri Defence” saytına verilən məlumata görə, iclasdan öncə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, döyüşlərdə yaralananlara və xəsarət almış şəxslərə şəfa dilənib.

İclasda cari ilin 27 sentyabr tarixində erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoymalarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanmaqla qısa müddət ərzində qəhrəman ordumuzun əzmi və şücaəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və Hadrut qəsəbəsi də daxil olmaqla ümumilikdə 200-dən artıq yaşayış məntəqələrinin işğaldan azad edilməsi, döyüş əməliyyatlarının gedişində düşmən ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmənin çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalması vurğulanıb.

Dövlət başçısının müvafiq fərmanı ilə ölkəmizdə hərbi vəziyyət elan olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrin önəmi diqqətə çatdırılmaqla Ermənistan silahlı birləşmələrinin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.

Eyni zamanda, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilib, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməsi məqsədilə zəruri göstərişlər verilib.

İclasda işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə hərtərəfli və intensiv istintaq-əməliyyat hərəkətlərinin yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi  birləşmələrinin ordumuza qarşı törətdiyi cinayətlərlə əlaqədar Hərbi Prokurorluğun İstintaq idarəsində başlanmış 4 cinayət işi üzrə döyüş şəraitində mümkün olan bütün zəruri istintaq hərəkətlərinin aparılmasının zəruriliyi vurğulanıb.

İclasda həmçinin, Azərbaycan silahlı qüvvələrinin apardığı əməliyyatlarla bərabər vətəndaşların sağlamlığının qorunması məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.

Aparılmış müzakirələr ətrafında Baş prokurorun birinci müavini Elçin Məmmədov, Azərbaycanın Hərbi prokuroru-Baş prokurorun müavini Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi-Baş prokurorun müavini Nazim Rəcəbov, Bakı şəhər prokuroru İlqar Abbasov və digər Kollegiya üzvləri çıxış edərək gündəlikdə duran məsələlərə dair təkliflərini bildiriblər.

Kollegiya iclasında qeyd edilənlərlə yanaşı işin təşkilinə dair digər məsələlər üzrə də faydalı müzakirələr aparılmaqla müvafiq qərarlar qəbul edilib.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı uğurların ölkə başçısının həm siyasi, hərbi, diplomatik, həm də iqtisadi sahədə apardığı məqsədyönlü fəaliyyətinin nəticələri olduğunu diqqətə çatdırmaqla prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş