Baş Qərargah rəisindən Ermənistana XƏBƏRDARLIQ

Nəcməddin Sadıkov: “Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün bütün hüquqlardan istifadə edəcək”“Dağlıq Qarabağ münaqişəsinin təşkilatçıları bilməlidirlər ki, Azərbaycan xalqı mövcud durumla heç vaxt barışmayacaq. Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan yararlanacaq”. “AzeriDefence”nin xəbərinə görə, bunu MDB Baş Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən iclasında Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov bəyan edib.

N.Sadıkov rəsmi Bakının Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu, problemin dinc yolu ilə nizamlanması üçün şansların və ümidlərin qalmaqda olduğun deyib.

“Biz bu münaqişənin dinc yolla həllinə tərəfdarıq və hesab edirik ki, bunun üçün hələ də şanslar və ümidlər qalır. Lakin eyni zamanda, Azərbaycan xalqının səbri tükənməz deyil. Hesab edirik ki, bu məsələ beynəlxalq hüquq prinsipləri çərçivəsində öz həllini tapa bilər. Ermənistanın işğalçı qüvvələri də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə tabe olmalıdırlar və Azərbaycan ərazilərini tərk etməlidirlər. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır və ikili standartlar olmamalıdır. Heç kim müstəsna hüquqa malik ola bilməz. Bu gün beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi Ermənistanın uzun müddət ərzində təcavüzü davam etdirmək üçün şərait yaradır”, – deyə general vurğulayıb.

N. Sadıkov onu da vurğulayıb ki, Ermənistanın yürütdüyü siyasət onu bölgədəki bütün iqtisadi layihələrdən təcrid edib: “Ermənistan digərlər ölkələrdən daha çox qazana bilərdi. Bu münaqişənin təşkilatçıları onların ölkəsinin itirdiyi və qazandığını təhlil etməli, keçmiş və həm də bugünkü reallıqları daha dərindən dərk etməli və bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bir daha bəyan edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüququn ona verdiyi bütün hüquqlardan istifadə edəcək”.

Baş Qərargah rəisi onu da əlavə edib ki, təhlükəsizlik, həmçinin beynəlxalq sabitliyin qorunması və möhkəmləndirilməsi sahəsində əməkdaşlıq etməklə silahlı münaqişənin əsas səbəbi olan separatizmə qarşı mübarizədə əlavə ölçülər qəbul edilməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş