BAT- xüsusi təyinatlılar üçün milli PUA

Azərbaycanlı gənc mühəndislər BAT adı verilmiş mini pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.“AzeriDefence” jurnalının son say;nda yer alan məlumata görə, ilk dəfə BakuTel-2013 sərgisində – Azərbaycan Texnologiyalar Parkının stendində nümayiş olunan PUA-nın qanad açıqlığı 92 sm, çəkisi 600 qram, uçuş müddəti 60 dəqiqə, uçuş məsafəsi 10 km-ə qədərdir. Xəritəçəkmə və kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulan BAT 10-16 metr/saniyə sürətlə uçur və 12 metr/saniyə əsən küləyə qarşı dayanmaq qabiliyyətinə sahibdir.

PUA-nın müəllifi Tamleyxa Priyevin sözlərinə görə, ölçülərinin kiçik və gövdəsinin modulyar quruluşu BAT-ın çantada daşınmasına, tablet üzərindən idarə olunması isə onun hərbi əməliyyatlarda xüsusi təyinatlı qüvvələr tərəfindən istifadəsinə şərait yaradır. BAT həssas enişi gövdəsinin altında yerləşən ultrasonic sensor hesabına təmin olunur. Bütün elektronika, servomexanizmlər və mühərrik PUA-nın gövdə hissəsində yer alır. Elektriklə çalışması isə onun səssiz uçuşunu şərtləndirir. Aparat əllə havaya atılmaqla uçuş startı götürür.

T. Priyevin sözlərinə görə, PUA-nın proqram təminatı da milli olaraq hazırlanıb ki, bu da uçuş zamanı onu kənar müdaxilə yolu ilə düşürülməsini, istiqamətinin dəyişdirilməsini önləyir. PUA elektron xəritə üzərində verilmiş koordinatları avtopilot rejimində kəşfiyyat edə, foto və video görüntünü komandirə ötürə bilir. BAT üçün yazılmış xüsusi proqram vasitəsi ilə çəkilmiş fotolar əsasında ərazinin 5 sm dəqiqlikdə 3D xəritəsi çıxarılır. Bununla da çuxurun və yüksəkliyin həcmini hesablamaq mümkündür. Aparat üzərinə gecə kəşfiyyatı üçün xüsusi infraqırmızı kamera yerləşdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş