BAT yeni layihələrlə müdafiə sənayesinə qatıldı

BAT yeni layihələrlə müdafiə sənayesinə qatıldı

“Buta Armor Technologies” (BAT) şirkəti isə yüksək texnologiyalara əsaslanan məhsulların istehsalına hazırlaşır.

“Buta Armor Technologies”in fəaliyyət istiqamətləri və hazırda üzərində işlədiyi layihələr barədə AZERİ DEFENCE jurnalına ilk dəfə məlumat verən şirkətin təsisçisi Ramin Əhmədov bildirib ki, şirkət AMEA YT Parkının rezidentliyinə yeni qəbul edilib.

“Bundan əvvəl bizim “Buta Armor” adlı zirehli gödəkcə və dəbilqə istehsalı ilə məşğul olacaq şirkətimiz YT Parkın rezidentliyinə qəbul edilmişdi.

“Buta Armor”dan fərqli olaraq, BAT tamamilə Azərbaycan sərmayəli, kənar payçısı olmayan, yüksək texnologiyalı, innovativ layihələr icra edən şirkətdir. Bildiyiniz kimi zirehli gödəkcələr xarici tərəfdaşla birgə istehsal olunur. Orada olan məhsullar həlli baxımdan daha sadə texnologiyalı məhsullardır. BAT-ın layihələri isə müasir informasiya texnologiyalarının tətbiqi ilə yaradılan innovativ layihələrdir”, – deyə R. Əhmədov vurğulayıb.

Şirkətin bir neçə məhsulunun ilkin sınaqları keçdiyini və tamamlanma ərəfəsində olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, hazırda 2 əsas məhsul mövcuddur. Onlar növbəti mərhələlərdə yeni məhsulların yaradılması üçün baza rolunu oynayır. Hazırda digər məhsullar üzərində tədqiqatlar aparılır və sınaqlar keçirilir.

BAT-ın birinci məhsulu vizualizasiyası gerçəkliyə yaxın artırılmış interaktiv hava hücumundan müdafiə simulyatorudur. Ramin Əhmədovun sözlərinə görə, simulyatorda tam döyüş imitasiyası təmin edilib: “Azərbaycan Ordusunun istifadə elədiyi analoji məhsullar var. Xaricdən alınıb. Müqayisə üçün deyə bilərəm ki, bizim simulyator vizualizasiyasına, effektlərinə, hava hədəflərinin klassifikasiyasına və digər texnoloji imkanlarına görə onlardan 2.5 dəfədən çox geniş imkanlara malikdir. Bizim təklif etdiyimiz simulyatorda müxtəlif növ təyyarələrə, helikopterlər, PUA-lara, raketlərə qədər hər növ hədəflərə atəş açmaq olar. Qiymətlərə gəlincə, xarici istehsalçının universal məşq qurğusunun birinin qiymətinə biz 6 kompleks veririk. Bundan başqa, 5000 işləmə saatı təklif edirik. Simulyatorun software və hardware hissəsinə verdiyimiz zəmanət 3 dəfə çoxdur. Bizim simulyatorumuzun əsas üstünlüyü isə onu hər bir hərbi hissənin ərazisinə uyğunlaşdıra bilməyimizdir. Burada hər bir əsgər, zabit öz hərbi hissəsinin birəbir bənzərinə uyğun şəkildə təlimlərini keçir”.

HHM simulyatoru barədə Hərbi Hava Qüvvələri Komandanlığına və Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsinə məlumat verildiyini deyən R.Əhmədov bildirib ki, tələb olarsa, istifadədəki təlim simulyatorunun mövcud  avadanlıqlarını saxlamaqla proqram təminatını yeniləyə bilərlər.

KATEQORIYA:
Bu xəbəri paylaş