“Bayraktar TB2” taktiki PUA-nın tədarükü davam edir

“Bayraktar TB2” taktiki PUA-nın tədarükü davam edir

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Bayraktar TB2” taktiki pilotsuz uçuş aparatının (PUA) tədarükü davam edir.

Bu barədə “Azeri Defence” saytı “Baykar” şirkətinə istinadən məlumat verib.

“Baykar” şirkətinin texnik müdiri və T3 Vəqfinin İdarə Heyətinin sədri Səlçuk Bayraktar bildirib ki, son istehsal olunan “Bayraktar TB2” taktiki pilotsuz uçuş aparatları yeni loqolarla dizayn edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri, Jandarma və Polis Təşkilatı tərəfindən aktiv istifadə olunan “Bayraktar TB2” taktik PUA Qətər, Ukrayna və Azərbaycana da ixrac edilib.

Hazırda “Bayraktar TB2” taktik PUA Azərbaycan Ordusu tərəfindən İkinci Qarabağ Müharibəsində uğurla istifadə edilir.

Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə mühərriklə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir.

Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub. Zərbə versiyası ROKETSAN şirkətinin istehsalı olan idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılır.

“Bayraktar TB2” PUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda canlı yayımları çox sayda istifadəçinin (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) izləməsinə imkan verir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş