“Bayraktar TB2” yeni rekorda imza atdı – VİDEO

“Bayraktar TB2” yeni rekorda imza atdı – VİDEO

Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının (SPUA) növbəti sınaqları keçirilib.

Bu baradə “Poliqon”a “Baykar” şirkətindən məlumat verilib.

Sınaqlar zamanı “Bayraktar TB2” PUA 300 min uçuş saatını uğurla tamamlayaraq Türk aviasiya tarixində yeni rekorda imza atıb.

Məlumatda bildirilib ki, hazırda Türkiyə, Azərbaycan, Ukrayna və Qətər Silahlı Qüvvələrinin istifadəsində ümumilikdə 160 “Bayraktar TB2” PUA-sı yer alır.

Qeyd edək ki, 2020-ci il sentyabr ayının 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsində bir neçə silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Bu yeni silah sistemlərindən ən effektivi Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı oldu.

Kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar”ın “Blok A” adlandırılmış birinci prototipinin istehsalına 2007-ci ildə başlanıb və PUA ilk uçuşunu 2009-cu ilin iyununda həyata keçirib. “Blok B” (TB2) prototipinin hazırlanması və seriyalı istehsalını əhatə edən ikinci mərhələ 2012-ci ilin yanvarında başlayıb. 2014-cü ilin aprelində ilk uçuşunu tamamlayan PUA-nın qəbul testləri 2014-cü ilin noyabrında keçirilib və 6 ədəd PUA Türkiyənin Quru Qoşunlarına təhvil verilib.

Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə “Rotax 912” mühərriki ilə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir. Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı Kanada istehsalı olan “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub. Hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Təşkilatının istifadəsində ümumilikdə 110-dan çox TB2 mövcuddur.

“Baykar Savunma” şirkəti tərəfindən hazırlanmış TB2 taktik SPUA sistemi istifadəçiyə bütün həlləri bir arada təqdim edən kompleks şəbəkə əsaslı sistem arxitekturasıdır. Sistem TB-2 SPUA platforması, Yer Nəzarət Stansiyası, Yer Ötürmə Terminalı, Uzaq Görüntü Terminalı, Baza və Yedəklənən Generator modullarından ibarətdir.

Orta hündürlük – uzun müddət havada qalan (MALE) PUA sinfinə aid edilən TB2 tamamilə avtonom hərəkət, qalxma və enmə, normal uçuş qabiliyyətinə sahibdir. TB2 Türkiyənin aviasiya tarixində havada qalma (27 saat 3 dəqiqə) və hündürlük (8238 m) rekorduna imza atan ilk PUA hesab olunur.

Bayraktar TB2 SPU-nın əsas texniki göstəricilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

–        18000 fut (5486 metr) əməliyyat tavanı;

–        27000 fut (8229 m) maksimum yüksəklik;

–        27 saat maksimum uçuş müddəti;

–        Tam avtomatlaşdırılmış uçuşa nəzarət və 3 ehtiyatlı avtopilot (Triple Redundant);

–        Yer sistemlərinə bağlı olmadan tam avtomatik enmə və qalxma xüsusiyyəti;

–        GPS-ə bağlı olmadan daxili sensorlar hesabına hərəkət xüsusiyyəti;

–        Tam avtomatlaşdırılmış uçuş və hərəkət izləmə;

–        Daxili sensor dəstəkli həssa avtomatik qalxma və enmə;

–        Tam avtomatik taksi və park xüsusiyyəti;

–        Yarı avtono uçuş rejimləri dəstəyi;

–        Xəta toleranslı və 3 dəstəkli sensor füzyonu tətbiqi;

–        Xüsusi dəstəklənən sevro akutator cihazları;

–        Litium əsaslı xüsusi ehtiyat batareyalar.

Qanad açıqlığı 12 metr təşkil edən TB2 150 kq ağırlığında faydalı yük götürmə qabiliyyətinə sahibdir. TB2-nin faydalı yükünə dəyişdirilə bilən EO/IR/LD kameralar, habelə AESA radar daxil edilə bilər. PUA-nın silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan lazer yönləndirməli 4 ədəd MAM-L (mini ağıllı sursat) və ya MAM-C raketi daxildir.

TB2 SPUA üzərindəki lazer hədəf işarələyici ilə hədəfləri dəqiq işarələyə və sursatlarla zərbə endirə bilir. Bu da TB2-lər ilə müxtəlif maneələri arxasında gizlədilmiş hədəfləri seçərək, ətraf mühitə və mülki əhaliyə zərər vermədən seçilmiş hədəfləri məhv etməyə imkan verir.

TB2 SPUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda yüksək keyfiyyətli canlı yayımları çox sayda istifadəçi tərəfindən (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) real vaxt rejimində izlənməsini təmin edir.

Görüntü Ötürmə Mərkəzi (Görüntü Aktarma Merkezi -GAM) PUA-lardan alınan canlı görüntülərin eyni anda birdən çox istifadəçiyə kəsintisiz şəkildə ötürülməsini həyata keçirir.

GAM ilə izlənən bütün canlı yayımlar sistem tərəfindən avtomatik olaraq 30 dəqiqəlik kadrlar şəklində qeydə alınır. İstifadəçilər canlı görüntüləri izləyərkən sistem üzərində qeydlər apara, bu qeydlərə birdən çox etiket əlavə edə bilir. Sonradan bu qeydlər və etiketlər arxiv videolarında axtarışların aparılmasını asanlaşdırır. Canlı və arxiv görüntülərinin təhlükəsizliyi üçün sistem avtomatik olaraq müvəqqəti şifrələr tətbiq edir.

GAM ilə inteqrasiya olunmuş şəkildə çalışan “Quzğun” həlli isə PUA və SPUA-lardan gələn görüntüləri ərazidəki hərbi personalın mobil cihazına ötürür.

Yer Nəzarət Stansiyası

–        NATO Spek ACE-III konteyner xüsusiyyəti

–        Radiostansiyalar

–        Daxili danışıq sistemləri

–        Tənzimlənən qüllə işləmə sürəti

–        Pilotun iş yeri

–        Faydalı yük operatorunun iş yeri

–        Görüntü qiymətləndirmə bölməsi

–        Rack tipli kabinetlər

–        Güc sistemləri, filtrlər

–        Güc qaynaqları

–        Hərbi tip iki ədəd kondisioner

–        NBC filtrləmə

Mobil Yer Nəzarət Stansiyası (Mobil YNS) TB2 platformasını müvəqqəti bazalardan və təyin olunmuş yerlərdən idarə edilməsini təmin edir. Mobil YNS-in 12 metrədək yüksəldilə bilən hidravlik antenaları, avtomatik yönələn antenna sistemləri, bütün bu sistemlərə hərəkət imkanı qazandıran güclü bir nəqliyyat vasitəsindən ibarətdir. YNS-lər riskli hava əməliyyatlarında maksimum nəzarəti təmin etmək üçün dizayn olunub.

Yeni nəsil rəqəmsal kabinə, kəsintisiz rabitə hesabına istifadəçi hər cür tapşırıqlarda PUA-nı və faydalı yük cihazına effektiv şəkildə nəzarət edə bilər.

“Baykar”ın Xəritə və Naviiqasiya Modulu istifadəçiyə uçuş əməliyyatlarının planlaşdırılması, PUA-nın yer informasiyalarının göstərilməsi, yer üstünün şəkillərini göstərmə, hərbi simvollarla işarələmə və lokasiya informasiyalarını təqdim edən coğrafi informasiya sistemidir.

Sistem 3B real dünya modeli və 3B yer səthinin şəkillərini, PUA-nın yer bilgilərini 3B formatında nümayiş etdirir. İstifadəçi PUA-nın uçuş tapşırıqlarının planlaşdırılmasını, hədəf, bölgələr (dost, düşmən, qadağan olunmuş) hərbi simvollarla işarələnir. Həmçinin görüş xəttinin analizinin və toqquşmaların təsbitinin analizini aparmağa imkan verir.

İxracat və döyüş tətbiqi

“Baykar Savunma” 2018-ci ilin mart ayında imzalanmış müqavilə çərçivəsində Qətərə 6 ədəd, 2018-ci ilin yanvarında “Ukrspetsproject” müəssisəsi ilə imzalanmış müqavilə (69 milyon ABŞ dolları) çərçivəsində Ukraynaya 12 ədəd PUA və 3 yerüstü nəzarət stansiyası və 2020-ci ildə imzalanmış müqavilə çərçivəsində Azərbaycana açıqlanmayan sayda TB2 ixracını həyata keçirib.

Oktyabrın əvvəlində Türkiyəyə rəsmi nümayəndə heyəti tərkibində səfər edən “Ukrspetseksport” şirkətinin baş direktoru Vadim Nojriya mətbuata açıqlamasında TB2-lərin Ukraynada istehsalı ilə maraqlandıqlarını, Ukraynanın 48 ədəd TB2 SPUA almaq niyyətində olduğunu açıqlayıb.

Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən etibarən ölkənin şərq rayonlarında PKK/PYD terrorçularına, eləcə də Suriyanın şimalında PYD-yə və İŞİD-ə qarşı həyata keçirdiyi “Fərat Qalxanı”, “Zeytun Budağı” əməliyyatlarında TB2 SPUA-lar kəşfiyyat və zərbə missiyalarında istifadə olunub. Terrorçuların yaşayış məntəqələrindəki atəş nöqtələri PUA-lar vasitəsi aşkarlandıqdan sonra, idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə vurulmuşdur.

2020-ci il fevralın 27-də İdlib şəhəri yaxınlığında Suriya və Rusiya aviasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən hücumun cavabı olaraq başladılan “Bahar Qalxanı” hərbi əməliyyatının birinci həftəsində (28 fevral-5 mart) TB2 və “Anka-S” SPUA-lar ilə

Suriya Ordusuna məxsus 151 tank, 47 helikopter, 3 təyyarə, 8 helikopter, 3 PUA və 8 hava hücumundan müdafiə sistemi məhv edilib. Döyüşlər zamanı 3 ədəd TB2 SPUA vurulmasına dair görüntülər mediada yer alıb.

“Bahar Qalxanı” əməliyyatında TB2-lərin ilk dəfə sürü halında uçuşlar edərək, hərb tarixində bir ilkə imza atmışdır.

Döyüş fəaliyyətləri zamanı PUA-lar vasitəsi ilə məhv edilən Suriya Ordusuna aid hərbi texnikalardan ikisi, bəzi məlumatlara görə dördü Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksidir (ZRTK). Suriyadakı məğlubiyyət mülki və hərbi obyektlərin, o cümlədən uzaq mənzilli HHM vasitələrinin pilotsuz uçan aparatlar da daxil olmaqla bütün müasir və perspektiv hava hücumu vasitələrindən müdafiəsi üçün təyin edilmiş “Pantsir-S1” ZRTK-nin effektivliyini sual altına qoydu.

2019-cu ilin iyun ayında beynəlxalq mediada Liviyada general Xəlifə Həftərin bazalarının vurulmasında TB2-lərədən istifadə edildiyinə dair məlumatlar yer alıb. TB2 ilə vurulan hədəflər arasında general Həftərin qoşunlarının silahlanmasına daxil olan “Pantsir” ZRTK-lər də olub.

Sonrakı aylarda Türk Ordusu TB2-lərdən terror təşkilatlarına qarşı “Pəncə” və “Kıran” əməliyyatlarında da geniş istifadə etmişdir.

Azərbaycan və Ermənistan arasında 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində gedən İkinci Qarabağ Müharibəsində TB2 SPUA-lar  Ermənistan Silahlı Qüvvələrinə qarşı uğurla istifadə edilmişdir. Müdafiə Nazirliyinin yayımladığı görüntülərdən aydın olduğu qədər Azərbaycan TB-2 SPUA-lardan Ermənistan artilleriyasının, mövqelərinin, tanklarının, piyada döyüş maşınlarının, YARS və zenit-raket komplekslərinin məhv etmək üçün istifadə edib. Döyüşlərin ilk günlərində Ermənistan Ordusuna aid “Osa-AKM”, “Strela-10”, “Tor-M2MK” və iki ədəd S-300 zenit-raket kompleksi TB2 SPUA ilə məhv edilib.

Rəsmi görüntülər əsasında aparılmış dəqiqləşdirmələrə əsasən, 44 günlük döyüş əməliyyatlarında TB2-lər vasitəsi ilə Ermənistan Ordusuna aid 90 ədəd T-72 tankı, 29 ədəd piyada döyüş maşını, 132 ədəd artilleriya qurğusu, aralarında “Smerç” və WM-80 yaylım atəşli reaktiv sistemlər də olmaqla 61 YARS, 9 radiolokasiya stansiyası və REM sistemi, 143 nəqliyyat vasitəsi, habelə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş