Belarus Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Oktyabrın 9-dan 13-dək Belarus Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Komandanının arxa cəbhə üzrə müavini – arxa cəbhə rəisi, polkovnik İqor Tatarkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar ilk olaraq Şəhidlər Xiyabanını və Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olan Daxili Qoşunların hərbi qulluqçularının dəfn olunduğu “Qardaşlıq məzarı”nı ziyarət ediblər.

Sonra Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi, general-mayor Şirin Xəlilov belaruslu qonaqları qəbul edib. Görüşdə bu səfərin ölkələrin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişafına təkan verəcəyi bildirilib.

Daha sonra Daxili Qoşunlar Komandanının müavini – Maddi-Texniki Təminat İdarəsinin rəisi, general-mayor Fəxrəddin Səmədov polkovnik İqor Tatarkonun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Görüşdə Azərbaycan Daxili Qoşunları ilə Belarus Daxili Qoşunları arasındakı hərbi əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğundan məmnunluq ifadə olunub. Tərəflər arasında hər iki qurumun əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub. Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə genişməzmunlu brifinq nümayiş etdirilib.

İ.Tatarko Azərbaycana rəsmi səfərinin əməkdaşlığın bundan sonrakı inkişafına dəstək verəcəyini və hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Dördgünlük səfər çərçivəsində nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə maraqlanıb, Bakı şəhərində və Quba rayonunda yerləşən hərbi hissələrində müvafiq xidmət sahələri ilə tanış olublar.

Qeyd edək ki, belaruslu qonaqlar Azərbaycanın zəngin mədəni irsini əks etdirən bir sıra tarixi abidələrlə də tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş