Belarus DİN Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Sentyabrın 29-da Belarus Daxili Qoşunlar Komandanının müavini polkovnik İqor Burmistrovun rəhbərliyi ilə Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Bu barədə “AzeriDefence”yə Azərbaycan DİN Daxili Qoşunlarının mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə protokola uyğun olaraq Şəhidlər Xiyabanını, Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış “Qardaşlıq məzarı”nı ziyarət ediblər.

Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış şəraitlə maraqlanıblar. Belarus Respublikasının Daxili Qoşunlarının zabitləri həmçinin “N” saylı hərbi hissədə müvafiq xidmət sahələri ilə də tanış olublar.

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində belaruslu qonaqları qəbul edib. General-leytenant Ş.Məmmədov, bu görüşün hər iki ölkənin Daxili Qoşunları arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan və Belarusun müvafiq qurumları arasındakı hərbi əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğundan məmnunluq ifadə olunub.

Polkovnik İqor Burmistrov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Azərbaycana səfərinin əməkdaşlığın bundan sonra da uğurlu inkişafına dəstək verəcəyini və hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər arasında hər iki qurumun əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş