Belarus Rusiyadan T-72B3 tankının növbəti partiyasını təhvil alıb

Belarus Rusiyadan T-72B3 tankının növbəti partiyasını təhvil alıb

Rusiya Belarus Silahlı Qüvvələrinə təkmilləşdirilmiş T-72B3 əsas döyüş tankının növbəti partiyasını təhvil verib.

“AzeriDefence”nin “BelTA” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın “Uralvaqonzavod” Dövlət Şirkəti tərəfindən modernləşdirilmiş 5 ədəd T-72B3 tankı Belarus Ordusunun silahlanmasına qəbul edilib.

2019-cu ilin iyununda Belarus Müdafiə Nazirliyi və “Uralvaqonzavod” şirkəti arasında 2019-2020-ci illərdə 11 ədəd T-72B əsas döyüş tankının T-72B3 səviyyəsinə qədər modernləşdirilməsinə dair müqavilə imzalanıb.

“Uralvaqonzavod” 2015-ci ildən etibarən Belarus və Rusiya arasındakı hərbi-texniki əməkdaşlıq haqqında müqaviləyə əsasən Belarus Ordusunun T-72B tanklarını təkmilləşdirir.

T-72B3-lər sələflərindən daha güclü mühərriki, silahlanması, nişangahı və idarəetməsi ilə fərqlənir. Bundan başqa T-72B3-də rəqəmsal displey və görüntünü içəri ötürən ön və arxa kameralar mövcuddur.

Modernləşmə korpusda da aparılıb. Zireh örtüyü gücləndirilib, modulun qorunması üçün dinamik müdafiə sistemi yaradılıb. T-72B3 tankının əsas silahı 125 mm-lik 2A46M-5 top, köməkçi silahları 7.62 mm-lik PKTM pulemyotu və 12,7 mm-lik NSV pulemyotudur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş