Belarus T-72B tanklarını modernizə edir

Belarus Silahlı Qüvvələri yaxın perspektivdə silahlanmadakı T-72B tanklarını modernləşdirərək T-72BM1 “Vityaz” səviyyəsinə çatdırmağı planlaşdırır.

“AzeriDefence”nin Belarus mətbuatına istinadən verdiyi məlumata görə, “Vityaz” proqramı çərçivəsində modernizə ediləcək T-72B3 tankları xarici görünüşcə Rusiyanın T-72B3 tanklarına bənzəyir.

“Borisov tank təmiri Zavodu”nda aparılan modernləşmə nəticəsində tanklarda “Pelenq” şirkətinin istehsalı olan “Sosna-U” çoxkanallı tuşlayıcı nişangahı, habelə digər müasir cihazlar qurulacaq. İki səthdə stabilləşdirilmiş “Sosna-U” kompleksinə televiziya və infra-qırmızı kanal, həmçinin idarə olunan mərmilərlə atəş açmağa imkan verən, hədəfləri işıqlandıran lazer məsafəölçən daxildir. Tuşlayıcı və komandir bölməsi monitorla, yeni R-181-50WU “Rapsodiya” radiostansiyası və GPS/QLONASS peyk naviqasiya sistemi ilə təchiz olunacaq.

Tankın zirehli müdafiəsi “Kontakt-V” modulları ilə gücləndirilib. Tankın mühərrik və topu dəyişdirilməyib. Döyüş maşınında 840 at gücündə V-81-4 mühərriki və 2A46M topu saxlanılıb.

Qeyd edək ki, hazırda Belarus Ordusu təxminən 1345 tanka malikdir. Bunlardan 69 ədədi T-80B və 1276-sı T-72 (446 ədəd T-72B) tankıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş