Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası keçirilir

Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Londonda yerləşən baş qərargahında Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyasında iştitak edir.

Bu barədə “AzeriDefence”yə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

7-16 iyun tarixlərində keçirilən sessiyanın gündəliyində etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT-nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirlərinin müzakirəsi nəzərdə tutulub.

Bundan başqa sessiyanın gündəliyində insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlər müzakirə olunacaq.

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994-cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000-ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlərin qəbul edilməsi məsələləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür.

 

KATEQORIYA:
Bu xəbəri paylaş