Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Mayın 7-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş iştirakçılarını Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayan Kərim Vəliyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə,  o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Nazir müavini veteranların bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordunun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycan xalqının tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və digər qonaqlar müharibə veteranlarının müasir mərhələdə respublikanın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 73-cü ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlərdən danışıblar.

İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova, İsmayıl Fərəcov və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib, işğal altında olan Azərbaycan torpaqlarının azad ediləcəyinə və Ordunun parlaq qələbəsinə inamlarını ifadə ediblər.

Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edildikdən sonra xatirə fotosu çəkdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş