Britaniya Səfirliyi: “Birləşmiş Krallıq ATƏT-in Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmağı qadağan edən mövqeyini qəti şəkildə dəstəkləyir”

Birləşmiş Krallıq ATƏT-in Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmağı qadağan edən mövqeyini qəti şəkildə dəstəkləyir.

Bu barədə “AzeriDefence”yə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Böyük Britaniyanın Ermənistanda heç bir müəssisəyə və ya şəxsə silah satmadığını qeyd edən səfirlik Ermənistan Ordusunun silahlanmasında nümayiş etdirilən, İngiltərənin “Accuracy International” şirkətinin istehsalı olan “Arctic Warfare .338 LM” snayper tüfənglərinin bu ölkənin necə əldə etməsi məsələsinə aydınlıq gətirib.

“Biz yalnız o barədə bilirik ki, iki şəxsi tüfəng Birləşmiş Krallıqdan qanuni şəkildə başqa ölkəyə ixrac edilib, daha sonra bizim məlumatımız və razılığımız olmadan həmin silahlar üçüncü tərəf vasitəsi ilə Ermənistana ixrac olunub. Britaniyada istənilən tərəfin Ermənistana çoxlu sayda qadağan olunmuş Britaniya silahlarının satılmasını göstərən heç bir sübutumuz yoxdur. Əgər Ermənistana Britaniya silahlarının satışı ilə bağlı güclü sübut varsa, bu barədə Birləşmiş Krallıq hökumətinə məlumat verilə bilər və biz bunu dərhal araşdıracağıq. Bu cür silahların satılması barədə əsassız spekulyasiyalar mühüm Azərbaycan- Birləşmiş Krallıq münasibətləri üçün faydalı deyil və bu münasibətləri zədələyir”, – deyə səfirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, ötən gün “AzeriDefence” saytı ermənilərin İngiltərədən satın alınmış snayper tüfəngləri ilə atışların əks olunduğu fotoları yayımlayıb. “Kontakt” sosial şəbəkəsində ermənilərə məxsus hərbi səhifədə yerləşdirilmiş fotoda Ermənistan Müdafiə Nazirliyinin ordu snayperlərinin Fransa istehsalı “PGM Mini-Hecate” və İngiltərənin adıçəkilən şirkətinin istehsalı olan “Arctic Warfare .338 LM” snayper tüfəngləri ilə atışlar etdiyi aydın görünür. Ermənilərin paylaşımından bir daha məlum olur ki, snayper tüfəngləri Qarabağdakı hərbi birləşmələrin istifadəsinə verilib.

Ermənistanın Böyük Britaniyadan aldığı snayper tüfəngləri barədə detallı informasiya burada

Video

KATEQORIYA:
Bu xəbəri paylaş