Bu gün Bakıda “Zəfər Paradı” keçiriləcək

Bu gün Bakıda “Zəfər Paradı” keçiriləcək

Bu gün Bakının Azadlıq Meydanında Vətən müharibəsində qələbəyə həsr olunan “Zəfər Paradı” keçiriləcək.

“Azeri Defence” xəbər verir ki, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə keçirləcək hərbi paradda fəxri qonaq qismində Türkiyənin Prezidenti Rəcəp Tayyip Ərdoğan və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti də təmsil olunacaq.

“Zəfər Paradı”ına Müdafiə nazirilinin müavini, general-leytenant Kərim Vəliyev komandanlıq edəcək. Paradı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qəbul edəcək.

Paradda öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Şuşa şəhərində qaldırılmış bayraq, ardınca torpaqlarımızın işğaldan azad olunmasında xüsusi xidmətləri olan hərbi hissələrin döyüş bayraqları, ardınca isə şəxsi heyət keçid edəcək.

“Zəfər Paradı”nda ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlıları da keçid edəcəklər. Bu, XKX hərbi qulluqçularının keçid etdiyi ilk hərbi paraddır.

Paradda ilk dəfə olaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin parad heyəti də iştirak edəcək.

Hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş