Cəbhə bölgəsində veteranlar və əhali Səfərbərlik Xidmətinin şöbəsində qeydiyyata yazılır

Cəbhə bölgəsində veteranlar və əhali Səfərbərlik Xidmətinin şöbəsində qeydiyyata yazılır

Bu gün Füzuli rayonun çoxsaylı sakini və veteranı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsində müharibəyə yazılmaq üçün qeydiyyata gəliblər.

“AzeriDefence”nin məlumatına görə, hal-hazırda bu proses davam edir. İnsanlar işğal edimiş torpaqlarımızın azad edilməsi üçün müharibəyə hazır olduqlarını bildirirlər. Həm veteran təşkilatlarının çağırışı, həm də vətəndaşların özlərinin təşəbbüsü ilə çox sayda vətəndaş SHXÇDX-nin Füzuli rayon şöbəsinə gələrək siyahıya yazılıb.

Habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu gün vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı açıqlama yayıb.

SHXÇDX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildirilib ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş