Cəlil Xəlilov: General Həzi Aslanovun adının Rusiyada əbədiləşdirilməsi istiqamətində işlər aparılır – MÜSAHİBƏ

Cəlil Xəlilov: General Həzi Aslanovun adının Rusiyada əbədiləşdirilməsi istiqamətində işlər aparılır – MÜSAHİBƏ

Respublika Veteranlar Təşkilatının sədr müavini: Azərbaycanda 380 nəfər İkinci Dünya Müharibəsi veteranı qalıb

İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ili tamam olur. Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Azərbaycanda da bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZERİ DEFENCE-yə müsahibəsində bu istiqamətdə görüləcək işlər barədə məlumat verib.

– Cəlil müəllim, Veteranlar Təşkilatı faşizm üzərində qələbənin 75-ci ildönümü ilə bağlı hansı tədbirləri planlaşdırır?

– Əvvəlcə onu demək istərdim ki, Azərbaycan 9 may faşizm üzərində qələbə gününü bu bayramı qeyd etməyə mənəvi haqqı çatan ölkələrdən biridir. Çünki İkinci Dünya Müharibəsində Azərbaycandan 700 minə yaxın şəxs itirak edib. Onların yarıdan çoxu müharibədən qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130 azərbaycanlı Sovet İttifqı Qəhrəmanı adına layiq görülüb. Həmin illərdə Azərbaycanda 41 hərbi hospital fəaliyyət göstərib. Azərbaycan cəbhəni 70 faiz neft və neft məhsulları ilə təmin edib. Bunlar böyük göstəricilərdir. İnsanlar qələbə naminə öz ehtiyatlarını, qızılllarını, xanımlar nişan üzüklərini belə dövlətə verib. Müharibədə azərbaycanlılardan ibarət 5 diviziya iştirak edib. Eləcə də ayrı-ayrı hərbi hissələrin tərkibində on minlərlə soydaşımız döyüşüb. Azərbaycanlıların həm Qafqazın müdafiəsində, həm də keçmiş SSRİ-nin müharibə gedən respublikalarının azad olunmasında xüsusi xidmətləri olub. Kişinyov, Kerç, Sevastopol, Simferopol, Kiyev, Minsk, Brest, Moskva və Leninqradın faşistlərdən azad olunmasında, müdafiəsində azərbaycanlılar böyük qəhrəmanlıqlar göstəriblər. Bunu yalnız özümüz demirik, Rusiyanın ən tanınmış marşalları azərbaycanlıların xidmətlərinə xüsusi qiymət veriblər. Marşal Jukov, Rokossovski və digərləri xüsusi qeyd edirdi ki, Azərbaycan nefti olmasaydı qələbə təhlükə altındaydıHəzi Aslanov, Məlik Məhərrəmov, Ziya Bünyadov, Adil Quliyev, İsrafil Mamedov kimi yüzlərlə Sovet İttifqı Qəhrəmanı adına layiq görülən insanlarımız var. Onların xatirəsi həm Azərbaycanda, həm də müharibə gedən şəhərlərdə bu gün də xatırlanır, adlarına küçələr verilir, xatirə lövhəsi yaradılır, müzeylərdə onlara aid eksponatlar qorunub saxlanılır.

Veteranlar Təşkilatı adından Azərbaycan Prezidentinə təşəkkürümüzü bildiririk ki, Azərbaycan xalqı qarşısında xidməti olan insanları yaddan çıxarmırlar. Bu yaxınlarda Prezident İlham Əliyev general Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasına dekabrın 22-də Həzi Aslanovun ad günündə start verdik. Həm Azərbaycanda, həm də döyüşdüyü şəhərlərdə Həsi Aslanovun xatirəsi ilə bağlı tədbirlər, yarışlar keçiriləcək. Onunla birlikdə xidmət edən sağ qalan generallardan, döyüşdüyü şəhərlərdə rəhbər vəzifə tutan şəxsləri Azərbaycana dəvət edəcəyik. Bir daha keçmiş sovet ölkələrinə, Avropa ölkələrinə H.Aslanovun xidmətlərini tanıtmalıyıq. H.Aslanov Baltikyanı ölkələrinin, habelə Belarusun ərazilərinin faşizmdən azad olunmasında qəhrəmanlıq göstərib. Onun döyüş təcrübəsi Azərbaycan gəncləri üçün də çox vacibdir.

Qələbənin 75-ci ildönümü ilə əlaqədar geniş tədbirlər planımız var. Bununla bağlı sənədlər imzalanması üçün cənab Prezidentə təqdim olunub. Bu tədbirlərin keçirilməsində Veteranlar Təşkilatı aktiv rol oynayacaq. Bu çərçivədə Azərbaycanda iki konfransın da keçirilməsi nəzərdə tutulub. Azərbaycanda və xaricdə 1941-1945-ci illə bağlı kitabların, kinoların yayımlanmasını, mahnı festivallarının keçirilməsi planlaşdırılır. Burada məqsəd Azərbaycanın faşizmlə mübarizədə rolunu unutdurmamaqdır. Digər millərlətin nümayəndələri bilməlidirlər ki, azərbaycanlılar faşizmə qarşı mübarizə aparıb döyüşüblər və qələbə qazanıblar.

– Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının mayın 9-da Moskvada qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəyini açıqladı. Böyük Vətən müharibəsi veteranlarının da o paradda iştirakı təmin olunacaqmı?

– Bəli, Sovet İttifqı Qəhrəmanlarının nəticələri, nəvələri və sağ qalmış övladlarından bir qrup mayın 9-da qəhrəman şəhərlərdə – Brest, Sevastopol, Leninqrad, Moskva, Kiyev və Odessada keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Onu da qeyd edim ki, bu gün ölkəmizdə yaşayan İkinci Dünya Müharibəsi veteranlarının ən cavanının 95 yaşı var. Onlardan sağlamlığı imkan verən 5 nəfər Moskvadakı paradda iştirak edəcək.

– Sizdə statistik məlumatlar olur. Bu gün Azərbaycanda İkinci Dünya Müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş neçə veteran sağdır.

– Hazırda 380 nəfər İkinci Dünya Müharibəsi veteranımız həyatdadır. Onların sıraları ilbəil seyrəlir. Qeyd etdiyim kimi, ən cavanının 95 yaşı var. Rayonların bəzilərində artıq İkinci Dünya Müharibəsində iştirak etmiş veteranlar qalmayıb.

– Bu yaxınlarda məlumat yayıldı ki, Moskvada iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun adının əbədiləşdirilməsi ilə bağlı işlər aparılır. Bu təşəbbüslər barədə nə deyə bilərsiniz?

– Həzi Aslanov Rusiya, Belarus və Baltik ölkələrində döyüşşlərdə iştirak edib. Belarusda Azərbaycan diasporu və Belarus Prezidentinin təşəbbüsü ilə Həzi Aslanova böyük abidə ucaldılıb, adına məktəb və küçə də verilib. İndi isə Moskvada onun adının əbədiləşdirilməsini istəyirik. Bu məsələni MDB dövlətləri Veteranlar Təşkilatı Şurası ilə birlikdə qaldırmışıq. Mən də Azərbaycan üzrə Təşkilatın bürosunun üzvüyəm. Moskva şəhərinin meri səviyəsində müraciətimizə baxılır. Bu, küçə də ola bilər, metro da, yaxud məktəb də. Yəqin ki, qələbənin 75 illiyi ərəfəsində buna nail olacağıq.

– İkinci Dünya müharibəsi dövründə Azərbaycanla müqayisədə daha zəif, daha az sayda qüvvə ilə iştirak etmiş Ermənistan tərəfinin müharibədəki itkilərini kifayət qədər şişirtməyə çalışdığı görünür. Bundan başqa, erməni generalı Qaregin Njdenin rəhbərli altında ermənilər faşistlərlə birlikdə SSRİ-yə qarşı vuruşublar. İndi ermənilər Njdenin adının tək İrəvanda deyil, Rusiyada da əbədiləşdirilməsinə çalışırlar.

– Çox gözəl bir məsələyə toxundunuz. Üç il bundan öncə ermənilər Qaregin Njdeni “qəhraman” kimi Rusiya və dünya ictimaiyətinə sırımağa çalışırdılar. Veteranlar Təşkilatı olaraq bundan xəbər tutan kimi Rəyasət Heyəti adından Rusiyanın prezidenti Vladimr Putinə, Müdafiə naziri Sergey Şoyquya və Mədəniyyət nazirinə müraciyət göndərdik. Bildirdik ki, Njde faşistlərə köməklik edib, Adolf Hitlerin yaxın köməkçilərində olub. Keçmiş Sovet ordusunun dislokasiya yerləri barədə ona məlumatlar verib və onların məhv edilməsində yaxından köməklik göstərib. Müharibədən sonra həbs olunan Njde hərbi məhkəmə tərəfində 25 il vətən xaini kimi mühakimə olunub. Sonrakı illərdə Moskva ətrafındakı Vladimr təcridxanasında ölüb. Rusiya rəhbərliyi buna reaksiyasın verdi və abidənin Rusiyada qoyulmasına imkan vermədilər. Buna baxmayaraq ermənilər İrəvanda Njdenin abidəsini qoydular. Yüzlərlə sovet hərbçisini qətlə yetirən birinə abidə qoymaq faşizmlə mübarizədə həlak olanların ruhuna təhqirdir. Azərbaycan Prezidenti Soçidə, sonra Aşqabadda çıxışında buna çox güclü reaksiya verdi. Qeyd edim ki, ermənilərin çoxluq təşkil etdiyi Rusiyanın Armavir şəhərində də Qaregin Njde üçün abidə inşa edilirdi. Prezident İlham Əliyevin çıxışından sonra, ruslar həmin heykəli Armavir şəhərindən ləğv etdilər.

Digər məsələyə qayıdıram. Qeyd etdiyiniz kimi, ermənilər İkinci Dünya Müharibəsindəki itkilərini də şişirtməklə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Onlar hətta alman ordusuna könüllü əsir düşüb, sonra Sovet Ordusu ilə döyüşlərdə öldürülən erməniləri də öz siyahılarına yazırlar. Guya Sovet Ordusu sıralarında döyüşlərdə həlak olub. Belə maxinasiyalar emrənilərdə çoxdur.

– Cəlil müəllim, ötən dövrlərə Veteranlar Təşkilatının xətti ilə Rusiya, Belarus, Ukrayna, Baltikyanı ölkələr, Polşa və s. dövlətlərin ərazilərində müharibədə həlak olmuş azərbaycanlıların qalıqlarının, onlara aid nişanələrin tapıldığını görürük. Bu barədə məlumat verməyinizi istərdik.

– Bu günün özündə Azərbaycanda elə ailələr var ki, Böyük Vətən Müharibəsində döyüşmüş yaxınlarının taleyi barədə heç bir məlumat əldə edə bilmirlər. Veteranlar Təşkilatı olaraq biz ərazilərində döyüşlər getmiş keçmiş SSRİ və Avropa ölkələrinin arxivləri, müharibə təşkilatları və ordu təşkilatları ilə əlaqələr yaratmışıq, yazışmalar aparırıq. İki il bundan öncə Kşinyov şəhəri uğrunda gedən döyüşlərdə həlak olan 206 nəfəri aşkarladıq. Moldovadakı diasporumuzun və səfirimizin köməkliyi ilə Kişinyov şəhərinin mərkəzindəki parkda onların adının abədiləşdirilməsi üçün abidə ucaldıldı. Ad və soyadları lövhələrə hək olundu. Bundan başqa, ötən il Rusiyanın Kalininqrad vilayətində döyüşlərdə həlak olmuş 24 nəfəri tapdıq. Dövlətimizin dəsətəyi ilə onların xatirəsinə Kalininqradda abidə ucaldıldı. Kiyev şəhəri uğrunda döyüşlərdə həlak olmuş 309 nəfər barədə də məlumat əldə etmişik. Hazırda bununla bağlı araşdırmalarımız davam edir. Bunların arasında Azərbaycandan gedən başqa millətlərin nümayəndələri də var. Fərq etmir, Azərbaycandan müharibəyə gedənlərin hamısı barədə məlumatlar toplayırıq.

Yeri gəlmişkən onu da qeyd edim ki, 20 cilddən ibarət Azərbaycan Respublikası Xatirə Kitabımız nəşr olunub. Orada İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlıların soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfər barədə məlumat yerləşdirilib.

Biz Respublika Veteranlar Təşkilatı olaraq Rusiya Silahlı Qüvvələrinin qərargahında 1941-1945-ci illərin müharibəsi ilə bağlı yaradılan arxiv idarəsi ilə aktiv əməkdaşlıq edirik. Bu arxivdən Azərbaycan diviziyaları, əsgər və zabitləri barədə məlumatlar əldə etmişik. Bu yaxınlarda, müharibədə iştirak etmiş döyüşçülərinin təltif olunduqları, lakin ala bilmədikləri medal və ordenləri onların qohumlarına çatdırmışıq. Yeri gəlmişkən, ötən ilin ortalarında Kalininqrada səfərimiz zamanı orada döyüşmüş 400 nəfər azərbaycanlı barədə məlumatlar əldə etdik. Kalininqradın müdafiəsində qəhrəmanlıqla döyüşmüş Astaradan olan həmyerlimiz Mirzə Cəbiyev 3 dəfə “Şöhrət” ordeni alıb. Yaxın vaxtlarda Kalininqradda tapılanların adlarının əbədiləşdirilməsi üçün abidə qoyulması planlaşdıırlır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş