Cənubi Koreya K2 tanklarının istehsalını artırır

Cənubi Koreya K2 tanklarının istehsalını artırır

Cənubi Koreyanın yeni nəsil K2 “Black Panther” əsas döyüş tanklarının istehsalı artırılacaq.

“AzeriDefence”nin məlumatına görə, bunu Cənubi Koreyanın Müdafiə naziri Jeong Kyeong-doo deyib.

Müdafiə naziri bildirib ki, Cənubi Koreya COVID-19 pandemiyası ilə əlaqəli çətinlikləri dəf etmək üçün yerli istehsal olan müdafiə məhsullarına daha çox pul xərcləməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl K2 tankından Koreya ordusu üçün 600 ədəd istehsal olunması nəzərdə tutulurdu.

Üç heyətə malik tank raketlərə qarşı APS (Active Protecting System – Aktiv Qoruma Sistemi) ilə təchiz olunub. Tankın raketlərə qarşı qorumasını təmin edən APS-ə bir ədəd 3-D ölçülü radar və kompüter sistemi daxildir. Radar tanka yaxınlaşan raketləri öncədən təyin edir. Daha sonra işə düşən müdafiə raketi 50 metr uzaqlıqda həmin raketləri məhv edir.

Çəkisi 55 ton təşkil edən K2-nin uzunluğu 10.8 metr, eni 3.6 metr, hündürlüyü 2.4 metr təşkil edir. Tankın silahlanmasına 120 mm-lik top (40 mərmi), 1 ədəd 12.7 mm-lik K6 ağır pulemyot (3200 patron), 1 ədəd 7.62 mm-lik pulemyot (12000 patron) daxildir. Sürəti 70 km/saat, birbaşa mənzili 450 km-dir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş