CAR şirkəti yeni artilleriya mərmisinin seriyalı istehsalına başlayıb

“Rheinmetall Denel Munition” birgə müəssisəsi 155 mm-lik M2005 (M2005A1) Velocity Enhanced Artillery Projectile (V-LAP) uzaqvuran aktiv-reaktiv artilleriya mərmisinin sınaqlarını tamamlayaraq seriyalı istehsalına başlayıb.

Bu barədə “AzeriDefence” xarici mətbuata istinadən məlumat verib.

Mərmilərin birinci partiyası xarici müştəriyə ixrac ediləcək.

M2005 V-LAP mərmisinin yaradılmasına 1996-cı ildə başlanıb. Hazırda M2005 V-LAP dünyada 152/155 mm-lik ən uzaqvuran idarəolunmayan artilleriya mərmisi hesab olunur. 155-mm /52 kalibr haubitsadan atəş zamanı V-LAP mərmisi 57 kilometr məsafədə hədəfi vura bilir. 2006-cı ildə dəniz səviyyəsindən 1000 metr yüksəklikdəki poliqonda G6-52 özüyeriyən haubitsadan atış zaman mərminin 75 kilometr uzaqlığa atıldığı iddia olunur.

V-LAP mərmisinin son sınaqları 2016-cı ilin ikinci yarısında CAR-da PzH 2000 özüyeriyən haubitsasından həyata keçirilib.

Hazırda V-LAP mərmiləri tərkibində 4.5 kq TNT olmaqla fuqas versiyada istehsal edilir. Lakin şirkət daha güclü partlayıcı maddə yükünə malik qəlpə-fuqas variantın yaradılması üzərində işlər aparır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş