Cəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.

Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edib. Bildirib ki, döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir: “Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik! Bu gün Silahlı Qüvvələrimiz möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır.
Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır”.

KATEQORIYA:
Bu xəbəri paylaş