Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı keçirilib

“N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçrilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də geniş əhatə edib. Müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilərək istifadəyə verilib.

Müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laborator kabinələr, yaralıların təxliyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb.

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bu işlər daha uğurla davam etdirilir. Maddi-texniki baza təkmilləşdirilir, tibbi-hərbi hissə və müəssisələr müasir tibbi avadanlıqla təmin edilir. Beynəlxalq əlaqələrimiz də genişləndirilir. Həkimlərimiz Türkiyədə, Almaniyada, ABŞ-da və digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edirlər”, – deyə N.Əliyev əlavə edib.

Tədbirdə bildirilib ki, Silahlı Qüvvələrimizin Tibb Baş İdarəsinin Respublika Səhiyyə Nazirliyinin nəzdində olan səhiyyə müəssisələri ilə sıx əməkdaşlığı nəticəsində son günlər ölkəmizə qarşı düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçularımıza yüksək tibbi xidmətin göstərilməsində nazirliyin mütəxəssislərinin xidmətləri də əvəzsizdir. Göstərilən yardıma görə Səhiyyə Nazirliyinin rəhbərliyinə, eləcə də bütün həkim kollektivlərinə minnətdarlıq ifadə edilib.

Sonra tibb xidməti polkovniki Famil Babayev, tibb xidməti polkovnik-leytenantı Vüsal Rəcəbli, tibb xidməti kapitanı Xalidə Abbasova müasir tibb elminin nailiyyətləri, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnərək onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunmasının vacibliyi və digər mövzularda məruzələrlə çıxış ediblər.

Toplantıda Gəncə, Mingəçevir, Naftalan, şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Yevlax rayonlarının və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Sonda toplantı iştirakçıları mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.

tibb1

tibb3

KATEQORIYA:
Bu xəbəri paylaş