Cəbhə xəttində kəsintisiz rabitə üçün mobil operatorlar gücləndirilmiş rejimə keçiblər

Azərbaycanın mobil rabitə operatorları cəbhə xəttində kəsintisiz rabitəni təşkil etmək üçün gücləndirilmiş rejimə keçiblər.

“AzeriDefence”nin məlumatına görə, “Azercell” şirkətinin cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə, Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərə göndərdiyi mesajda qeyd olunub ki, qısa müddət ərzində onların balansına 1 saat şəbəkədaxili danışıq vaxtı yüklənəcək. Onlar bu danışıq vaxtını 1 ay ərzində istifadə edə bilər.

“Məlumat üçün bildiririk ki, 2 aprel 2016-cı il tarixindən bizim texniki qrup cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır”, – deyə “Azercell”in məlumatında qeyd olunub.

“Bakcell” şirkəti isə cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan “Bakcell” abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib. Şirkətin yaydığı məlumatda qeyd olunub ki, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) “Bakcell” abunəçiləri balansları 50 dəqiqə artırılacaq. Bununla yanaşı, “Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edildiyini açıqlayıb.

“Nar Mobile” də cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına gündəlik ölkədaxili hər yönə 100  danışıq dəqiqəsi, 100 qısa mesaj (SMS) və 100 meqabayt internet yükləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş