Ceyhun Bayramov: “Bu gün atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub”

Ceyhun Bayramov: “Bu gün atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub”

On gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub. Eyni zamanda, əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı çağırışlar edilirdi ki, humanitar atəşkəs elan olunsun. Rusiya Prezidentinin təşəbbüsü əsasında Moskvada Xarici İşlər nazirlərinin görüşündə əsas məqsəd humanitar atəşkəsin təmin olunması idi. Ancaq buna baxmayaraq, ermənilər təxribatları davam etdirirlər.

Azeri Defence saytının məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov bildirib ki, ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə razılıq əldə olunub. Oktyabrın 9-da Moskvada bununla bağlı müvafiq sənəd imzalandı. Sənəddə həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və saxlanılmış digər şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə edilib. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub.

Ceyhun Bayramov bildirib ki, Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyü aydın görünür: “Həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz qaldığını qəbul etməyə məcbur oldu”.

Xarici İşlər naziri qeyd edib ki, döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir. Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib. Eyni zamanda, münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb.

“Ermənistan çox qısa müddətdə baza prinsipləri əsasında substansiv danışıqların aparılması öhdəliyini üzərinə götürüb. Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında qazandığımız uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin. Həmçinin Ermənistan danışıqlar zamanı özlərinin təhlükəsizliyini təmin etmək üçün şərtlər qoyurdu. Lakin biz bunu qəbul etmədik və bildirdik ki, bu məsələlər Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxandan sonra həll edilə bilər”, – deyə Ceyhun Bayramov bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş