Ceyrançöl layihəsinin ikinci fazasına start verilib

“Ceyrançöl təmizləmə Layihəsi”nin birinci mərhələsinin yekunu və ikinci mərhələsinə start verilməsi ilə bağlı tədbir keçirilib.

“AzeriDefence” xəbər verir ki, tədbirə Azərbaycan baş nazirinin müavini Abid Şərifov, diplomatik korpusların nümayəndələri, güc strukturlarının və silahlı qüvvələrin rəsmiləri, NATO-dan nümayəndə heyəti qatılıb.Tədbirdə əvvəlcə Saloğlu və Ceyrançöl layihəsi ilə bağlı təqdimat olub.

Tədbirdə çıxış edən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov qeyd edib ki, NATO Dəstək Agentliyinin yardımı ilə Saloğlu hərbi bazasının təmizlənməsini həyata keçirib. Saloğludan 600 mindən artıq sursat tapılıb. Saloğlu layihəsinin davamı olaraq Ceyrançöl layihəsi başlanıb və layihənin birinci fazası başa çatdırılıb. Bu gün ikinci mərhələyə start verilib.

Azərbaycan hökumətinin NATO ilə əməkdaşlığa böyük önəm verdiyini deyən baş nazirin müavini Abid Şərifov isə qeyd edib ki, ANAMA NATO əməkdaşlığı çərçivəsində Ceyrançöl uğurla icra olunan ikinci layihədir. O qeyd edib ki, Ceyrançöl layihəsinin birinci və ikinci fazasının ümumi büdcəsi 3 milyon 400 min avro təşkil edir: “Saloğlu və Ceyrançöl layihəsinin ümumi büdcəsinin 50%-ni Azərbaycan hökuməti təmin edir. ANAMA bu gün beynəlxalq səviyyəli bir təşkilata çevrilib. ANAMA-nın əməliyyatlarda itkiləri dünyadakı analoji təşkilatlarla müqayisədə minimumdur. ANAMA tərəfindən Əfqanıstan, Türkiyə, Tacikistan və digər ölkələrə təlimlər keçirilib, Agentlik beynəlxalq tenderlərə qatılıb”.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay çıxışında qeyd edib ki, bu layihələr yüz minlərlə insanın həyatının xilas edilməsinə yönəlib: “Azərbaycan İSAF əməliyyatlarında Əfqanıstan üçün kifayət qədər böyük işlər görüb. Biz də NATO olaraq istəyirik ki, Azərbaycana tərəfdaş ölkə olaraq bizim üçün gördüyü işlərin əvəzində nə isə verək”.

C.Appaturay qeyd edib ki, Azərbaycan prezidenti NATO-nun Əfqanıstan və gələcək əməkdaşlıqla bağlı yekun sammitinə dəvət olunacaq. Onun sözlərinə görə, Azərbaycan və NATO arasında ikitərəfli əməkdaşlığı əhatə edən yeni proqram hazırlanıb. Yaxın vaxtlarda həmin proqramın təsdiqlənərək icrasına başlanması gözlənilir.

NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Layden layihəyə dəstəyinə görə donor ölkələrə təşəkkürünü bildirib. O, Ceyrançöl layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini, bu layihənin reallaşması ilə böyük ərazinin təhlükələrdən azad olacağını vurğulayıb. Növbəti 18 ay üçün 1,8 milyon avro vəsait ayrılacaq.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə deyib ki, ölkəsi 2002-ci ildən Azərbaycanda adi silahların zərərsizləşdirilməsi işlərinə 22 milyon dollar vəsait sərf edib.

“NATO-nun SNT Etimad Fondu layihəsində aparıcı rol oynayan ABŞ Ceyrançöl layihəsinin növbəti mərhələsində də aparıcı rol oynamaqdan qürur duyur. Qarşıdan gələn 2 il ərzində ABŞ Ceyrançöl layihəsi üzrə ANAMA-ya əlavə 23 kv. km-lik ərazinin təmizlənməsində dəstək verəcək”.

DSX rəisinin müavini, general-mayor İlham Mehdiyev qeyd edib ki, layihə sərhədçilər üçün böyük əhəmiyyət daşıyır. Ərazidə hər gün sərhədçilər tərəfindən sərhəd mühafizəsi təşkil olunur. Təmizlənmiş ərazi Sərhəd Qoşunlarının şəxsi heyətinin təhlükəsizliyi baxımından mühümdür.

Sonda NSPA-nın baş meneceri Mayk Layden ANAMA-nın bir qrup əməkdaşına döş nişanı və sertifikatlar təqdim edib.

KATEQORIYA:
Bu xəbəri paylaş