Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılışı olub

Bakıda ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimi keçirilib. “AzeriDefence”nin məlumatına görə, tədbirə Azərbaycanın hökumət strukturları ilə yanaşı diplomatik korpusun, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, baş nazirin müavini Abid Şərifov qatılıb.
Tədbir çərçivəsində ANAMA-nın fəaliyyətini stendlər, minaaxtaranların texniki təchizatı, həmçinin Agentlik tərəfindən aparılan əməliyyatlar zamanı aşkarlanmış döyüş sursatlarının maketləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov artıq aprel ayından layihə üzrə işlərə başlandığını bildirib. NATO Etimad Fondu tərəfindən dəstəklənən layihənin maliyyəsinin 50%-ni NATO ayıracaq.

Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyən Agentlik rəhbərinin sözlərinə görə, bu ərazilər hissə-hissə təmizlənəcək.

Baş nazirin müavini Abid Şərifov isə Ceyrançöl layihəsinin Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində həyata keçirilmiş “Saloğlu” layihəsinin davamı olduğunu vurğulayıb.

“ANAMA-nın mütəxəssisləri tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təmin ediliblər. İndiyədək əməliyyatlarda cəmi bir itkimiz olub”, – deyə A. Şərifov vurğulayıb.

C. Appaturay isə çıxışında NATO-nun ANAMA ilə birgə reallaşdırdığı layihələrin əhəmiyyətindən danışaraq ANAMA –nın fəaliyyətini yüksək qiymətləndirib.

“Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz üzə qalırlar. Buna baxmayaraq onlar insanları xilas edirlər”, – deyə C. Appaturay qeyd edib.

Daha sonra layihənin təqdimatı keçirilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbirdə Əfqanıstan və Tacikistanın Milli Mina Əməliyyatları mərkəzlərinin nümayəndələri də iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş