Ceyrançölün minalardan təmizlənməsi layihəsinin 3-cü mərhələsinə həsr olunmuş tədbir keçirilib

Bu gün Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda konfrans keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə Baş nazirin müavini Abid Şərifov, NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, xarici ölkələrin Azərbaycandakı səfirləri, digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ceyrançöldə NATO-nun dəstəyi ilə həyata keçirilən minatəmizləmə əməliyyatlarına dair fotolara baxıblar.

Tədbirdə çıxış edən baş nazirin müavini Abid Şərifov ANAMA-nın mina və partlamamış hərbi sursat (PHS) əməliyyatları sahəsində böyük təcrübəyə malik olduğunu, Agentliyin qarşıya qoyulan tapşırıqları icra etmək üçün müasir avadanlıqlara və texnikalara sahib olduğunu deyib. A. Şərifov ANAMA və NATO arasında yaxşı münasibətlərin olduğuna diqqət çəkərək ANAMA-nın NATO ilə əməkdaşlıq çərçivəsində Ceyrançöl və ondan əvvəl Saloğlu layihələrini reallaşdırdığını qeyd edib.

Azərbaycanda 1991-ci ildən indiyədək PHS və mina partlayışları nəticəsində 532 nəfərin həlak olduğunu, 2400-dən çox insanın müxtəlif dərəcəli xəsarətlər aldığınl qeyd edən A. Şərifovun sözlərinə görə, Azərbaycanda iki cür mina və partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə, habelə işğaldan azad edilmiş ərazilərdə və keçmiş sovet ordusunun tərk etdiyi poliqon və bazalarda mina və partlamamış hərbi sursat problemləri var. Sovet ordusunun Cənubi Qafqazda Ağstafa rayonunun Saloğlu kəndində yerləşən hərbi anbarında 1992-ci ildə baş vermiş partlayış zamanı 30 nəfər həlak olub, 93 nəfər xəsarət alıb. Vaxtı ilə hərbi poliqon olmuş Ceyrançöl ərazisi ən böyük təhlükə doğuran yerlərdən biridir”.

NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay isə təmsil etdiyi qurumun ANAMA ilə sıx və nümunəvi əməkdaşlığı olduğuna diqqət çəkib. Bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.

Appaturay qeyd edib ki, Ceyrançöl layihəsində əldə edilən təcrübə Gürcüstanla da paylaşılır: “Bu layihə inkişaf edən layihədir və dünyada insanların təhlükəsizliyinə təminat verir. Təəssüf ki, dünyada baş verən proseslər səbəbindən insanların hələ də müdafiəyə ehtiyacı var. Layihəyə verdiyi töhfəyə görə ABŞ və Türkiyəyə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, biz bir gün bu layihənin yekununa yığışacağıq”.

Təqdimat mərasimində məlumat verilib ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (aprel 2012 – iyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kv.m ərazi təmizlənib,  1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib. 22 kv.km ərazini əhatə edən üçüncü mərhələ 2017-ci ilin yanvar ayında başlanıb və 2018-ci il ərzində bitməsi nəzərdə tutulub.

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöl təmizləmə layihəsinin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan Höküməti bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş