Çin “Ağ Əjdaha”nın sınaqlarına başladı

Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkətinin istehsalı olan AG600 amfibiya təyyarəsinin ilk sınaq uçuşu keçirilib.

“AzeriDefence”in məlumatına görə, bu barədə Çinin “Sinxua” agentliyi xəbər yayıb.

Dünyanın ən böyük amfibiya təyyarələrindən olan AG600 “Ağ Əjdaha” təyyarəsinin ilk uçuş sınaqları Quandun əyalətinin Çjuxay şəhərində olub.

Sınaqlar zamanı təyyarənin əyləc sistemi, tarazılığı saxlamaq qabiliyyəti, hərəkət trayektoriyası yoxlanılıb.

Bundan başqa, təyyarə 180 dərəcədə dönmə tapşırığını yerinə yetirib. Bütün sistemlərin dəqiq işlədiyi bildirilən təyyarənin sınaqları uğurla nəticələnib.

3 nəfər heyəti olan “Ağ Əjdaha” 4 ədəd turbovintli mühərriklə təchiz olunub.

AG600 amfibiya təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb. Çin 15 il ərzində 60 ədəd AG600 “Ağ Əjdaha” təyyarəsini istifadəyə qəbul etməyi planlaşdırır. Hazırda istehsalçı şirkət 17 ədəd AG600 təyyarənin istehsalına dair müqavilə imzalayıb.

Təyyarənin uzunluğu 39,3 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili 4 500 km təşkil edir. Amfibiya təyyarəsi 20 saniyə ərzində 12 ton su toplaya bilir.

Qeyd edək ki, cari ilin fevralında AG600 amfibiya təyyarəsinin mühərrik testləri tamamlanıb. Bu ilin ikinci yarısında isə təyyarənin su üzərində uçuş testləri keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş