Cənub sərhədlərində 4 zastava əsaslı təmirdən sonra istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsinin Astara rayonunun Qapıçı Məhəllə, Alaşa, Züngüləş və Armudlu ərazilərində yerləşən zastavaları əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə “AzeriDefence” APA agentliyinə istinadən məlumat verib.

Keçirilən mərasimdə çıxış edən DSX-nın Şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abbasquliyev ölkədə sərhəd mühafizəsi strukturunun təkmilləşdirilməsi prosesindən danışıb. Dövlət sərhədləri boyunca müasir tələblərə cavab verən çoxsaylı yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verildiyini qeyd edən idarə rəisi bu prosesin bundan sonra da davam etdiriləcəyini, şəxsi heyətin rifah halının yaxşılaşdırılması istiqamətində yeni layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Rəmzi açılış lenti kəsildikdən sonra M. Abbasquliyev zastavalarda yaradılan şəraitlə tanış olub, gənc sərhədçilərlə birlikdə nahar edib.

Qeyd edək ki, Lənkəran Sərhəd Dəstəsinin bu gün istifadəyə verilmiş zastavalarında yenidənqurma və əsaslı təmirdən sonra lazımi şərait yaradılıb. Belə ki, yataqxana, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamamxana və çamaşırxana şəxsi heyətin istifadəsinə verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş