Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın hücumları ilə bağlı bəyanat yayıb

Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın hücumları ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın cəbhə xətti boyu etdiyi hücumlarla bağlı bəyanat yayıb.

İcmadan Azeri Defence saytına verilən məlumata görə, bəyanatda bildirilir ki, bu gün – 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum edib.

“Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik. Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi. Hazırda bütün cəbhə boyu davam edən döyüşlərə görə bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə bəyanatda qeyd olunub.

İcma Ermənistanın hücumu nəticəsində şəhid olmuş hərbçilərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyib,  onların ailələrinə başsağlığı verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş