Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri yeni fərdi evlərlə təmin olundu

Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri yeni fərdi evlərlə təmin olundu

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində zəfərləri şəhid ailələrində və Qarabağ müharibəsi əlillərində də sonsuz fərəh, qürur hissi yaradır. Düşmənə sarsıdıcı zərbələr vurulmaqla şəhidlərimizin qisası alınır.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 14 fərdi yaşayış evinin (o cümlədən İmişlidə 2, Ağstafada 3, Gədəbəydə 5, Kürdəmirdə 4 ev) təqdim edildiyi şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.  Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 650 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 96 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8238 mənzil və fərdi ev təqdim edilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş