Daşaltı əməliyyatının şəhidləri yad edilib

Füzuli Rzaquliyev: “Biz istər Ağdərədə, istərsə də Laçında bunun qisasını artıqlaması ilə aldıq” Azərbaycan Ordusunun uğursuz Daşaltı əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb. “AzeriDefence” saytının məlumatına görə, bununla bağlı yanvarın 26-da Şəhidlər Xiyabanında tədbir keçirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB), 701 saylı hərbi hissənin veteranları və şəhidlərin yaxınları Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksinin önünə əklil qoyublar. Daha sonra Daşaltı şəhidlərinin xatirəsinə qoyulmuş Qardaşlıq Məzarı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Bu gün eyni zamanda Şuşa rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri də Şəhidlər Xiyabanına gələrək Daşaltı şəhidlərinin xatirəsini yad ediblər.

Qeyd edək ki, 1992-ci il yanvarın 25-də gecə başlamış və yanvarın 26-da uğursuzluqla başa çatmış Daşaltı əməliyyatında Azərbaycan Ordusu və Şuşa rayon könüllüləri bir yerdə 90-a yaxın şəhid verib. Döyüşdə ermənilərin bir neçə döyüş texnikası və 100-dən çox canlı qüvvə itiriblər. Daşaltıda şəhid olanların cəsədlərini ermənilər geri təhvil verməyib.

“AzeriDefence” saytına açıqlamasında Daşaltı döyüşünü uğursuz əməliyyat adlandıran Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev bildirib ki, birinci tabor Daşaltıda şəhid olmuş əsgərlərinin qisasını sonrakı dövrlərdə həyata keçirdikləri əməliyyatlarda lazımınca alıb: “Biz o itkiləri unutmadıq və istər Ağdərədə, istərsə də Laçında bunun qisasını artıqlaması ilə aldıq. Bu gün Daşaltıdakı uğurları ilə sevinən ermənilər 1992-ci ilin iyununda başlamış Ağdərə əməliyyatı zamanı Kəlbəcərdən hücum edən birinci briqadanın hansı dərs verdiyini xatırlasınlar. Erməni qüvvələrinə 1992-ci ilin oktyabrında Hocazda tutduğumuz divanı xatırlatmaq istəyirəm. Biz bu gün də silaha sarılıb şəhid olmuş dostlarımızın qisasını almağa hazırıq. Bunu hamı bilməlidir”.

KATEQORIYA:
Bu xəbəri paylaş