Daxili Qoşunlar: “Formula-1 Azərbaycan Qran Pri” yarışları zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib

Aprelin 27-dən 29-dək ardıcıl olaraq üçüncü dəfə Bakıda keçirilən “Formula-1 Azərbaycan Qran Pri” yarışları zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Yarış zamanı marşrut üzrə perimetr boyu ərazilərin mühafizəsi təmin edilib, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər öncədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib.

Nəzarət-buraxılış məntəqələrində polis əməkdaşları ilə birlikdə buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.

Xidmətə cəlb olunan hərbi qulluqçularla əvvəlcədən aparılmış təlimatlandırma, o cümlədən onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqətin yetirilməsi nəticəsində vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış zamanı xidmətin keyfiyyətli təşkili üçün bütün profilaktik tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili də xüsusi diqqət mərkəzində saxlanılıb.

Qeyd olunub ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

KATEQORIYA:
Bu xəbəri paylaş