Daxili Qoşunlar Komandanı Pakistanın Azərbaycandakı hərbi attaşesi ilə görüşüb

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mayın 1-də Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycandakı hərbi attaşesi polkovnik Nadem Yaqub Çodrini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Ş.Məmmədov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdıraraq, hər iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. İki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı, Pakistanın hərbi attaşeliyi ilə Azərbaycan Daxili Qoşunları arasında son illərdə yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

İkitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayan polkovnik N.Y.Çodri öz növbəsində Azərbaycanın Daxili Qoşunları ilə Pakistanın müvafiq qurumu arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, Azərbaycan ilə Pakistan arasında hərbi sahədə daima inkişaf edən əlaqələr hər iki tərəf üçün faydalıdır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş