Daxili Qoşunlar Komandanı Türkiyənin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb

Daxili İşlər Nazirinin (DİN) müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyənin Azərbaycandakı Silahlı Qüvvələrinin attaşesi general-mayor Zəfər Ocakı qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Qonağı Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Kemal Şahin Türk müşayiət edib.

Görüşdə 1997-ci il oktyabrın 31-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol”dan danışan general-leytenant Ş.Məmmədov Daxili Qoşunlar ilə Türkiyə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. O, bildirib ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri qurumların hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfələr verib.

Ş. Məmmədov Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

General-mayor Z.Ocak da iki qurum arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan DİN-nin Daxili Qoşunları ilə Türkiyənin Jandarma Qüvvələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
 

KATEQORIYA:
Bu xəbəri paylaş