Daxili Qoşunlarda hərbi intizamın vəziyyətinə dair Hərbi Şuranın iclası keçirilib

Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, onların tərbiyə işləri və maddi texniki təminat üzrə müavinləri iştirak ediblər.

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, Hərbi Şuranın sədri general-leytenant Şahin Məmmədov Daxili Qoşunlarda həyata keçirilən mühüm islahatlardan bəhs edərək, Bakı şəhərində və ətraf rayonlarda şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni zabit yataqxanalarının, müasir standartların tələblərinə uyğun qərargahların, əsgər kazarmalarının və digər xidməti obyektlərin istifadəyə verilməsini bu inkişafın bariz nümunəsi kimi dəyərləndirib.

General-leytenant Ş.Məmmədov qeyd edib ki, prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar, ötən müddət ərzində ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə fəal iştirak edərək qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

Sonra “Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr” barədə polkovnik Mətləb Qənbərov məruzə edib. Məruzədə bildirilib ki, cari ildə Qoşunların şəxsi heyəti ilə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına yönəlib. Ötən müddətdə xidməti-döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilib, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilib.

Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandirləri çıxış edərək əldə olunmuş nailiyyətlərlə yanaşı, mövcud nöqsanlar, onların yaranma səbəbləri, eyni zamanda, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirlər barədə məruzə ediblər.

Yekunda general-leytenant Ş.Məmmədov bildirib ki, hərbi intizamın təhlilinə dair edilən məruzə və çıxışların məntiqi nəticəsi kimi, tərbiyə işində və hərbi intizamın möhkəmləndirilməsində 2014-cü illə müqayisədə müsbət nailiyyətlər əldə edilib.

Daxili Qoşunların Komandanı qarşıda duran əsas vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə bir sıra tələb və tapşırıqlarını verərək əminliklə qeyd edib ki, Qoşunların rəhbərliyi başda olmaqla, hərbi hissələrin komandanlıqları, Baş İdarənin şöbə və xidmət rəisləri Azərbaycan Respublikasının qanunlarından, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkədə sabitliyin və hüquq qaydasının keşiyində mətinliklə dayanacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş