Daxili Qoşunlarda Hərbi Şuranın iclası keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın IV İslam Həmrəyliyi Oyunları dövründə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətin aparılmasının nəticələri və “Formula-1 Azərbaycan Qran-Prisi” yarışında xidmətlə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, general-mayor Rövşən Tapdıqov iştirak edib. Bakı qarnizonunda yerləşən hərbi hissələrin komandirləri, hərbi hissə komandirlərinin müavinləri – Qərargah rəisləri, dəstə komandirləri iclasa dəvət olunublar.

İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov gündəlikdə duran məsələləri elan etdikdən sonra qeyd edib ki, 2017-ci ilin may ayının 12-dən 22-dək Azərbaycanda keçirilən lV İslam Həmrəyliyi Oyunları ərəfəsi və zamanı DİN tərəfindən müəyyən edilmiş tapşırıqlar tam həcmdə yerinə yetirilib, hər hansı bir ciddi nöqsana yol verilməyib.

Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Şirin Xəlilov məruzə ilə çıxış edərək IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, 13 yarış və 5 qeyri-yarış obyektində xidmətin təşkili və aparılması ilə əlaqədar məlumat verib.

Bildirilib ki, “Formula-1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi zamanı da digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydanın qorunması üzrə tapşırıqların yerinə yetirilməsinə Daxili Qoşunlarda ciddi hazırlıq işləri görülür.

Sonra məruzə ətrafında çıxış edənlər fəaliyyət istiqamətləri və aidiyyəti üzrə tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar təfsilatı ilə məlumat veriblər. “Formula-1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsinə hazırlıq işləri barədə məlumat verərək çıxış edənlər üzərlərinə düşən vəzifənin məsuliyyətini düzgün qiymətləndirdiklərini, yarışda müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar xidmətin təşkili və aparılmasının təmin olunacağını bildiriblər.

General-leytenant Ş.Məmmədov iclasda yekun nitqi söyləyərək bildirib ki, məruzələrdən və çıxışlardan da göründüyü kimi, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar DİN tərəfindən müəyyən edilmiş tapşırıqların icrası Daxili Qoşunların şəxsi heyəti tərəfindən yerinə yetirilməsi qənaətbəxş olub. O, qarşıdan gələn “Formula-1 Azərbaycan Qran-Prisi” yarışı ilə bağlı vəzifələrin icrasına məsuliyyətlə yanaşılmasını, bütün sahələr üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsini tələb edib.

Qarşıya qoyulmuş tapşırığın icrasında şəxsi heyətə uğurlar arzu edən Komandan vurğulayıb ki, “Formula-1 Azərbaycan Qran-Prisi” kimi mötəbər yarışda xidmətin aparılması tapşırıqlarının digər aidiyyəti qurumlarla yanaşı, Daxili Qoşunların qarşısında da qoyulması respublika səviyyəsində Qoşunlara olan etimadın təzahürüdür.

KATEQORIYA:
Bu xəbəri paylaş