Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunan kursantlar and içiblər

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə bu il qəbul olunan kursantların andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Veteranlar Şurasının üzvləri, kursant valideynlərinin də iştirak etdiyi tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlanıb.

Ali Hərbi Məktəbə yeni qəbul olunmuş kursantlar hərbi and içərək, üzərilərinə düşən şərəfli və məsul vəzifələrin, Silahlı Qüvvələrin Nizamnamələrinin, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əməl edəcəklərinə söz veriblər.

Ali Hərbi Məktəbin rəisi, general-mayor İ.Məmmədov kursantları təbrik edərək, hərbi andın mənasını, öz xalqına, Azərbaycana və Azərbaycan hökumətinə sədaqətlə and içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Kursantlar adından çıxış edən Bəhmən Məmmədli zabit adına hər zaman layiq olmağa çalışacaqlarına və bu yolda, lazım gələrsə, canlarını fəda edəcəklərini bildirib.

Valideynlər adından isə çıxış edən İntiqam Balaşov bütün valideynləri təbrik edərək, övladlarına seçdikləri müqəddəs və şərəfli peşədə dəstək olmağa çağırıb. Kursantlarla yanaşı, hər bir valideynin müsəlləh əsgər kimi vətənin müdafiəsinə hazır olduqlarını əmin edib.

Sonda hərbi andiçmə münasibəti ilə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanının təbriki çatdırılıb. Qeyd olunub ki, vətənin layiqli övladları, Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul edilmiş kursantlar təntənəli surətdə hərbi and içdikləri andan etibarən qoşunların bütün şəxsi heyəti kimi qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıyırlar.

Azərbaycan prezidenti İlham Əliyevin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi diqqət və qayğıya cavab olaraq, kursantlar təhsillərini müvəffəqiyyətlə başa vuracaq, qoşunların hərbi hissələrində hazırlıqlı və peşəkar zabitlər kimi xidmətə başlayacaq, bilik və bacarıqlarını dövlətin qorunması, ölkənin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə əsirgəməyəcək, bu şərəfli yolda inamla addımlayaraq xidməti fəaliyyətlərində uğurlar əldə edəcəklər.

Tədbir şəxsi heyətin sıra meydanında təntənəli keçidi ilə başa çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş