Daxili Qoşunların hərbçiləri talassemiyalı xəstələr üçün qan veriblər

Azərbycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları “Talassemiyasız həyat naminə” layihəsində iştirak edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, artıq neçə ildir Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu talassemiya xəstəliyindən əziyyət çəkənləri xilas etmək naminə qanvermə aksiyasında iştirak edirlər.

Aksiya müəyyən edilmiş qaydaya əsasən hər il bir hərbi hissədə keçirilir.

Növbəti dəfə qanvermə aksiyası fevralın 28-də Daxili Qoşunların Ali Hərbi Məktəbində baş tutub.

Hərbi qulluqçularla yanaşı, Ali Hərbi Məktəbdə təhsil alan kursantlar da bu aksiyaya qoşulub. Bildirilib ki, bir vətəndaş kimi talessemiya xəstələrinə yardım etmələrini mənəvi borc hesab edən hərbi qulluqçular “Talassemiyasız həyat naminə” layihəsinin nə qədər vacib olduğunu anlayır və bu istiqamətdə lazımi miqdarda qan vermələrini fəxarətlə qarşılayırlar.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Azərbaycan Talassemiya Federasiyası ölkənin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olaraq, talassemiya pasiyentlərinin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərir.

KATEQORIYA:
Bu xəbəri paylaş