Daxili Qoşunların hərbi qulluqçularına Gəncə şəhərində mənzil verilib

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 ildən artıq qüsursuz xidmət edən, hazırda həqiqi hərbi xidmətini davam etdirən 10 nəfər müharibə veteranına Gəncə şəhərində mənzil verilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçulara mənzillərin orderlərinin təqdimolunma mərasimində çıxış edən Daxili Qoşunlar Komandanının müavini – Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov onları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı adından təbrik edib. Diqqətə çatdırılıb ki, Daxili Qoşunların şəxsi heyəti daim Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Açılışında iştirak edilən, böyük zəhmət hesabına başa gələn yaşayış binası da bu qayğı və diqqətin daha bir nümunəsidir.

Hərbi qulluqçular adından çıxış edən kapitan Bəxtiyar Əliyev əlamətdar və unudulmaz bir gün yaşadıqlarını deyərək, ailə üzvlərinin hədsiz sevinc hissi keçirdiklərini bildirib.

Sonra mənzillərin orderləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına təqdim edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş