Daxili Qoşunların Hərbi Şurasının iclası keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın “Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti haqqında” növbəti iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov 2017-ci ilin 9 ayı ərzində DİN Daxili Qoşunlarının qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini, mühüm beynəlxalq tədbirlərdə müəyyən edilmiş vəzifələrin öhdəsindən layiqincə gəldiyini deyib.

İclasda Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti haqqında məruzə ilə çıxış edib.

Qeyd edilib ki, hesabat dövründə qoşunların şəxsi heyəti ilə tərbiyə işi qanunçuluğun və hərbi intizamın vəziyyətinin möhkəmlənməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə, döyüş xidmətinin keyfiyyətlə aparılmasına, tərbiyə işi tədbirlərinin və ictimai-siyasi hazırlığın keyfiyyətinin yüksəldilməsinə yönəlib. Daha sonra bildirilib ki, hərbi intizamın təhlilinə əsasən görülmüş işlərin nəticəsində Daxili Qoşunlarda cinayət, hadisə və kobud intizamların sayı əhəmiyyətli dərəcədə azalıb.

Bildirilib ki, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandanlıqları bundan sonra da müsbət nəticələrin əldə olunması məqsədilə əzmlə çalışacaq, qoşunlarda hərbi intizamın vəziyyətinin yüksək səviyyədə saxlanılması, xidməti-döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi istiqamətində hər bir hərbi qulluqçu əlindən gələni əsirgəməyəcək, üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşacaq.

Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandirlərinin və hissə komandirlərinin tərbiyə işləri üzrə müavinlərinin mövcud vəziyyət, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov qeyd edib ki, cari ilin sonunadək şəxsi heyət arasında tərbiyə işinin təşkili və hərbi intizamın möhkəmləndirilməsində olan müsbət tendensiya qorunub saxlanılacaq və bu da öz növbəsində döyüş hazırlığının yüksəldilməsi, döyüş xidmətinin müvafiq nizamnamə və təlimatların tələblərinə uyğun sayıqlıqla aparılmasını təmin edəcək, qarşıya qoyulmuş istənilən tapşırığın yerinə yetirilməsi üçün zəmin yaradacaq.

Ş.Məmmədov bidirib ki, Azərbaycanda ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydaların qorunmasında şəxsi heyət mətinliklə dayanmaqla, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, prezident İlham Əliyevin Daxili Qoşunlara olan diqqət və qayğısına layiqli cavab verəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş