Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb – FOTOLAR

Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçuları ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsində qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakı şəhərində yerləşən 2 hərbi hissəsində I Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

General-leytenant Ş.Məmmədova məruzə olunub ki, hərbi hissələrin şəxsi heyəti respublikada keçiriləcək I Avropa Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların təmin edilməsində xidmətə tam hazırdır. Qeyd olunub ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi icazəsi olmayan şəxslərin saxlanılması və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Belə ki, xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmətaparma yerləri ilə əyani tanışlığı təmin edilib. Daxili Qoşunların bütün şəxsi heyəti ilə l Avropa Oyunlarının tarixi əhəmiyyəti və siyasi mahiyyəti barəsində, xidmət zamanı davranış xüsusiyyətləri ilə əlaqədar söhbətlər aparılıb. Həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib.

Yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə hərbi qulluqçularımızla polis orqanlarının əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularımızla 45 günlük ingilis dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların xüsusi geyim forması ilə, perimetr boyu xidmət aparacaq hərbi qulluqçuların isə xüsusi önlüklərlə təminatına baxış keçirilib. Hələ 2014-cü ilin sonundan etibarən, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə təşkil olunmuş kurslarda təlim keçmiş mühəndis-istehkam qruplarının da təminatına və təchizatına diqqət yetirilib. Daha sonra, xidmət aparılan zaman əməliyyat qərargahları, köməkçi əməliyyat qərargahları, eləcə də Daxili Qoşunların Baş İdarəsində Baş İdarəetmə Mərkəzi ilə dayanıqlı rabitənin təşkil edilməsi üçün rabitə avadanlıqlarına baxış olub.

Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir avadanlıq, texnika və xüsusi avtomobillər alınıb. Yarışlar zamanı şəxsi heyətin daşınması üçün əsasən iritutumlu və ortatutumlu avtobuslardan istifadə olunacaq. Həmçinin şəxsi heyətin keyfiyyətli ərzaqla təmin olunması üçün üzərində soyuducu quraşdırılmış refrijeratorların da istifadəyə hazırlığı yoxlanılıb.

General-leytenant Ş. Məmmədov Daxili İşlər Nazirliyinin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində cavabdehlik daşıyan məsul vəzifəli şəxslərə konkret tapşırıqlarını verib.

Sonra şəxsi heyət qarşısında çıxış edən Ş. Məmmədov I Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komandan qeyd edib ki, bu kimi beynəlxalq turnirlərin məhz Azərbaycanda reallaşması heç də təsadüfi deyil: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamız dünyada müasir, sabit və dinamik inkişaf edən ölkə kimi tanınır. Daxili sabitliyin və ictimai asayişin hökm sürdüyü ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artmaqdadır”.

I Avropa Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirildiyindən ölkəmizin dünyanın diqqət mərkəzində deyən Daxili Qoşunlar Komandanı oyunlar zamanı təhlükəsizlik tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşmağın vacibliyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş