Daxili Qoşunların komandanı Akademiyanı bitirən hərbçilərlə görüşüb

Azərbaycanın daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Milli Aviasiya Akademiyasını müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Milli Aviasiya Akademiyasının (MAA) prorektoru Ədalət Şəmiyev və Trenajor Mərkəzinin direktoru professor Rauf Cəfərzadə iştirak edib.

Ş. Məmmədov son illərdə ordu quruculuğu istiqamətində islahatların həyata keçirildiyini diqqətə çatdıraraq, aviasiya sahəsində də yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlandığını vurğulayıb. O, bu işdə Milli Aviasiya Akademiyasının rolunun az olmadığını da söyləyib.

Komandan Akademiya ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyindən məmnunluğunu ifadə edib.

Milli Aviasiya Akademiyası adından çıxış edən R. Cəfərzadə hərbi qulluqçulara daima öz üzərilərində çalışmağı, peşə vərdişlərini daha da artırmağı arzulayıb.

Tədbirin sonunda pilotlara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında MAA-da başlayan tədris kursunda Daxili Qoşunların 7 pilot, 1 nəfər bortexnik olmaqla, ümumilikdə, 8 nəfər hərbi qulluqçusu iştirak edib. Bu müddət ərzində onların biliklərinin artırılması məqsədilə nəzəri məşğələlərlə yanaşı, praktiki uçuşlar da həyata keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş