Daxili Qoşunların komandanı cəbhə xətti yaxınlığındakı hərbi hissədə olub – FOTO

Fevralın 1-də Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən hərbi hissədə olub. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

2014-cü ildə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə regionlarda həyata keçirilən sayca dördüncü səfərində Daxili Qoşunların komandanı hərbi hissənin bütün xidmət sahələri, eləcə də şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə yaxından tanış olub.

Hərbi hissə komandiri bütün xidmət sahələri və döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə geniş məruzə edib. Qeyd olunub ki, yüksək döyüş qabiliyyətinə malik hərbi hissənin şəxsi heyətinin fiziki hazırlığı, sağlamlıq durumu, həmçinin mənəvi-psixoloji vəziyyəti tələb olunan səviyyədədir.

Sonra kəskin qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hərbi hissədə real şəraitə uyğun xüsusi-taktiki təlim nümayiş etdirilib.
Təlimi izləyən Daxili Qoşunlar komandanı şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşəkarlığını xüsusilə vurğulamış, peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının vacibliyini önə çəkib.
O, həmçinin hərbi hissənin coğrafi-strateji mövqeyini vurğulayaraq,hərbi hissənin daima yüksək döyüş hazırlığına gətirilməsinin vacibliyini qeyd etmiş,diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir.

Digər hərbi hissələrdə olduğu kimi, bu dəfə də general-mayor Ş.Məmmədov hərbi hissənin zabitləri, gizirləri və əsgər valideyinləri ilə fərdi qaydada görüşərək, onların müraciətlərini dinləyib. Qaldırılan məsələlərin nəzarətdə saxlanılması, həlli mümkün olanların isə dərhal yerinə yetirilməsi istiqamətində müvafiq göstərişlər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş