Daxili Qoşunların Komandanı əsgər valideynləri ilə görüşüb

Azərbaycan Daxili İşlər Nazirinin (DİN) müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun Qoşunların Bakı şəhərində yerləşən hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə  Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan Ş. Məmmədov qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, ümumiyyətlə, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri ən müasir zəruri avadanlıqlarla təchiz edilib. Daxili Qoşunların Komandanı bildirib ki, bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Görüş zamanı valideynlərin övladlarının xidmət keçməsi ilə bağlı verdikləri suallar da cavablandırılıb. Əsgərlərin sosial-məişət şəraiti ilə yaxından tanış olmalarına şəraitin yaradılmasından məmnunluqlarını ifadə edən valideynlər övladları üçün yaradılmış şəraitə görə respublika prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdən sonra Ş. Məmmədov əsgər valideynlərinin qaldırdığı məsələlərin həllolunması ilə əlaqədar konkret göstəriş və tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb.

KATEQORIYA:
Bu xəbəri paylaş