Daxili Qoşunların Komandanı əsgər valideynləri ilə görüşüb

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşdən əvvəl Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Hərbi hissə komandiri döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə məruzə edib.

General-leytenant Ş.Məmmədov döyüş xidmətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra əsgər valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan cənab komandan qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri və s. xidməti otaqlar ən müasir zəruri avadanlıqlarla təchiz edilib.

General-leytenant Ş.Məmmədov bildirib ki, bütün bunlar bir daha prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə dövlət başçısına, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdən sonra Daxili Qoşunlar Komandanı əsgər valideynlərini dinləyərək, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verib, icrası mümkün olan məsələlər isə yerindəcə həllini tapıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş