Daxili Qoşunların Komandanı əsgər valideynləri ilə görüşüb

Azərbaycan Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov hərbi hissədə əsgər valideynləri ilə görüşüb.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, görüşdən əvvəl Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti və təminatı ilə tanış olub, ərazidə aparılan abadlıq işləri ilə maraqlanıb.

Hərbi hissə komandiri polkovnik-leytenant Ramiq Salayev hissənin döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu barədə məruzə edib. General-leytenant Ş.Məmmədov gündəlik xidməti-döyüş fəaliyyəti ilə əlaqədar məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra əsgər valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan komandan qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf ordu quruculuğu prosesinə də öz müsbət təsirini göstərməkdədir və bu dinamika Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da hiss olunmaqdadır: “Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb. Hərbi qulluqçularımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış kompleksləri və yeni hərbi şəhərciklər ən müasir zəruri avadanlıqlarla təchiz edilib. Daxili Qoşunların hər bir hərbi qulluqçusu dövlət qayğısını hiss edir və bu etimadı fədakar xidmətləri ilə doğrultmağa çalışır. Təbii ki, bütün bunlar ölkə başçısının şəxsi heyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.

Daxili Qoşunların Komandanı hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti ilə əlaqədar bir sıra məqamları əsgər valideynlərinin diqqətinə çatdırıb. Əsgər valideynləri öz növbəsində övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdən sonra əsgər valideynlərinin arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verilib, icrası mümkün olan məsələlər isə yerindəcə həllini tapıb.

KATEQORIYA:
Bu xəbəri paylaş