Daxili Qoşunların komandanı “Formula-1” yarışları ilə əlaqədar müşavirə keçirib

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərliyi ilə “Formula-1” Avropa Qran-Prisi yarışlarına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib. Müşavirədə yarışlara hazırlıqla bağlı Daxili Qoşunların Baş İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin və xidmətə cəlb olunan hərbi hissə komandirlərinin məruzəsi dinlənilib.

Ş. Məmmədov bütövlükdə hazırlığı qənaətbəxş hesab edərək, aidiyyəti üzrə tapşırıqlarını verib. Tədbirin mahiyyətini vurğulayaraq, xidmətə cəlb olunan hər bir hərbi qulluqçuda məsuliyyət hissinin aşılanmasını, müəyyən edilmiş tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, hər kəsin üzərinə düşən vəzifələrin icrasına ciddi yanaşılmasını tələb edib.

Sonra iyunun 13-də Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-Prisi yarışları zamanı Daxili Qoşunların ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyinin təmin edilməsinə cəlb olunan qüvvə və vasitələrinin hazırlığının yoxlanılması məqsədilə sıra baxışları keçirilib.

“N” saylı hərbi hissədə Ş. Məmmədov tərəfindən xidmətə cəlb olunan şəxsi heyətin hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb. Ş.Məmmədova məruzə olunub ki, Daxili Qoşunların şəxsi heyəti idman yarışı zamanı qarşıya qoyulan tapşırıqların təmin edilməsinə hazırdır.

Tədbirdə qeyd olunub ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi icazəsi olmayan şəxslərin saxlanılması və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcəkdir.

Daha sonra şəxsi heyət qarşısında çıxış edən Daxili Qoşunlar Komandanı tədbirin məhz paytaxtda keçirilməsinin dövlət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və təhlükəsizlik tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb. Yarışlar zamanı xidmətə cəlb olunan hərbi qulluqçuların hazırlığını qənaətbəxş qiymətləndirən komandan Daxili Qoşunların ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətə hazır olduğunu vurğulayıb.

Çıxışının sonunda general-leytenant Ş.Məmmədov şəxsi heyətə çətin və məsuliyyətli xidmətdə uğurlar arzulayaraq, göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş